Azərbaycanda kommunal xərclərin artması fonunda "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin gediş haqlarının qaldıracağı ilə bağlı müzakirələr səngimək bilmir.
Ucnoqta.az modern.az-a istinadən xəbər verir ki, elə bunları nəzərə alaraq qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevdən müsahibə alınıb:
- Nəsimi müəllim, orta hesabla 1 gün, 1ay və 1 il ərzində Bakı metrosunda neçə sərnişin daşınır?
- Sərnişin sıxlığı mövsümdən asılı olaraq dəyişir. Yay rejimində gün ərzində təxminən 400-450 min, qış rejimində isə 700 min nəfər daşınır. İl ərzində təxminən daşınan sərnişinlərin sayı 210 milyondur.
- Hazırda 1 sərnişinin daşınma xərci nə qədərdir?
- Son rəsmi məlumata görə 1 sərnişinin daşınması üçün 54 qəpik xərc tələb olunur.
- O zaman belə çıxır ki, metropoliten 1 sərnişinin daşınmasına görə 34 qəpik ziyanla işləyir...
- Metro hər zaman ziyanla işləyib.
- Bəs bu ziyanı nə ilə kompensasiya edirsiniz?
- Ziyanla işləməyimizə baxmayaraq, hökumətin sosialyönümlü siyasətinin nəticəsi olaraq hər il metropolitenə dotasiya ayrılır.
- Rəsmi rəqəmlərə görə, metroda ən az gediş haqqı Azərbaycandadır.
- Bəli, çox ölkələrdən aşağıdır.
- Bir çox kommunal xidmət haqlarının qaldırılmasından sonra metropolitendə gediş haqlarının artırılacağı deyilir. Bilmək istəyirdik, qurumda bu barədə müzakirələr gedirmi? Qiymət dəyişikliyilə bağlı Tarif Şurasına müraciət edilibmi?
- Bildiyiniz kimi, Bakı metrosunda gediş haqqını Azərbaycan Respublikasının Tarif Şurası müəyyən edir. Təmsil etdiyim qurum tərəfindən isə qiymət dəyişikliyilə bağlı Tarif Şurasına müraciət olunmayıb.