Metropolitendə yeni kollektiv müqavilə imzalanıb – FOTO

12:00 - 2 Dekabr 2016 - ÖLKƏ İÇİ

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində (QSC) əmək münasibətlərini tənzimləyən yeni kollektiv müqavilə imzalanıb. Ucnoqta.az xəbər verir ki, bu barədə trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

O qeyd edib ki, işəgötürənlə əmək kollektivi və ya həmkarlar ittifaqı təşkilatı arasında yazılı formada bağlanan kollektiv müqavilə istənilən müəssisənin, sahibkarın onun işçiləri ilə münasibətlərini tənzimləyən ən əhəmiyyətli və qanuni qüvvəsi olan həlledici sənəd hesab olunur:
"Bakı Metropolitenində bağlanmış kollektiv müqavilənin müddəti başa çatdığı üçün Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, yeni müqavilənin layihəsi hazırlanaraq kollektivin və rəhbərliyin müzakirəsinə çıxarılıb. Layihənin hazırlanmasında qanunların tələbləri, yerli və beynəlxalq təcrübə nəzərə alınıb".
N.Paşayev bildirib ki, Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq layihə Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən və kollektivin bütün sahələrinin təmsil olunduğu ümumi yığıncağın – konfransın müzakirəsinə çıxarılaraq yekdilliklə qəbul edilib. Əmək Məcəlləsinin 30-cu maddəsinin 7-ci hissəsinə uyğun olaraq layihə təsdiq edildikdən sonra imzalanaraq qüvvəyə minib.

Xəbər xətti