Lənkəran rayonununda iki avtomobilin toqquşması yanğına səbəb olub. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Cil kəndi ərazisində baş verib.
Belə ki, 99-EA-142 dövlət qeydiyyat nömrə nişanlı "Ford" markalı yük maşını, 10-EE-198 dövlət qeydiyyat nömrə nişanlı "VAZ-2106" markalı avtomobillə toqquşub. Qəza zamanı ərazidən keçən qaz boru xətti zədələnib və yanğın baş verib.
Nəticədə "Ford" markalı avtomobil yanıb. Yanğın ərazidə telekommunikasiya qovşağının şkafını və rabitə xətlərini sıradan çıxarıb. Daha sonra genişlənən yanğın həmin kəndin sakini 1978-ci il təvəllüdlü Ağayar Alı oğlu Babayevə məxsus 2 mərtəbəli 4 otaqlı evin tavan hissəsinə keçib. Hadisə yerinə Lənkəran Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğının genişlənməsinin qarşısı alınıb.
Hazırda Cil kəndində qaz, işıq və rabitə xətti kəsilib.
Faktla bağlı araşdırmalara başlanılıb.