Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfeli sərəncamında olan valyutaların məzənnələrinin dollarla müqayisədə ucuzlaşması və qızılın qiymətinin düşməsi səbəbindən 2016-cı ilin noyabr ayında daha 590 mln. ABŞ dolları və ya 1,7% dəyərdən düşüb. "Report"un analitik qrupunun apardığı hesablamalara əsasən, ən böyük zərər avronun dollarla müqayisədə ucuzlaşması nəticəsində yaranıb. Belə ki, USD/EUR məzənnəsinin düşməsi ARDNF-in 417 mln. dollardan çox zərər etməsinə səbəb olub. Dəyərdən düşən aktivlər arasında 2-ci sırada isə qızıl olub ki, burada azalma 95 mln. dollara yaxındır. Türkiyə lirəsində aktivlər 39 mln. dollar, Yaponiya yeni - 29 mln. dollar, Rusiya rublu - 16,5 mln. dollar, Koreya vonu - 13,3 mln. dollar, Çin yuanı - 7,6 mln. dollar, Avstraliya dolları - 6,3 mln. dollar dəyərdən düşüb.
Fondun gəlir əldə etdiyi valyuta aktivləri arasında yalnız funt sterlinq yer alıb. Bu valyutada olan aktivlər noyabrda 34 mln. dollardan çox artım göstərib.
"Report"un analitik qrupu dolların məzənnəsinin yaxın illərdə daha da möhkəmlənəcəyini proqnozlaşdırır: "Bu səbəbdən ehtiyatların ABŞ dollarında saxlanılması daha məqsədəuyğundur".
Analitiklər hesab edirlər ki, ARDNF-in 2016-cı ilin yekun investisiya portfeli üzrə hesabatı açıqlananda son iki ayda 1,05 mlrd. dollar həcmində azalma gözlənilir.
"Report"un analitik qrupu yaxın 1-3 il ərzində ABŞ dollarının ARDNF-in investisiya portfelində yer alan bütün valyutalarla müqayisədə möhkəmlənəcəyini proqnozlaşdırır: "Qızılın qiymətinin isə 1 000 dollar/unsiyadan aşağı düşməsi gözlənilir. Bu isə neft qiymətlərinin 30 dollar/barelə qədər azalması halında valyuta gəlirlərinin önəmli şəkildə daralacağını və investisiya portfelində yer alan müxtəlif valyutalarda olan aktivlərin böyük zərərlə dollara konvertasiya olunmasına gətirib çıxara bilər. Məhz bu səbəbdən Fond investisiya portfelindəki dollar aktivlərinin payını təcili şəkildə artırmalıdır".