Bakıda “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda beynəlxalq konfrans keçirilir. Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə baş tutan konfransda Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev, Rus Pravoslav Kilsəsi və Gürcüstan Pravoslav Kilsəsinin nümayəndələri, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri və Azərbaycanın dövlət, ictimai, din xadimləri iştirak edirlər.
Konfransı açan QMİ sədri Allahşükür Paşazadə deyib ki, bu gün çox millətli və çoxkonfessiyalı Azərbaycanda ulu öndər Heydər Əliyevin əsasını qoyduğu din-dövlət münasibətləri yüksək səviyyədədir və günü-gündən inkişaf edir: "Azərbaycanda sabitlik mövcuddur. Milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Burada siyasi iradə böyük önəm daşıyır".
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev Prezident İlham Əliyevin konfrans iştirakçılarlna ünvanladığı müraciəti oxuyub.
Müraciətdə deyilir: "Hörmətli konfrans iştirakçıları. Sizi-Qafqaz Xalqları Ali Dini Şurasının beynəlxalq konfransının iştirakçılarını ürəkdən salamlayır, ən səmimi arzu və diləklərimi yetirirəm. Bölgəmizdə tarixən müxtəlif xalqlar arasında möhkəm tolerant ənənələr, qarşılıqlı hörmət və etimada əsaslanan mehriban qonşuluq, dostluq və əməkdaşlıq mövcud olub. Belə münasibətlərin təşəkkülündə və inkişafında ümumbəşəri dəyərlərin daşıyıcısı kimi İslam dini müstəsna rol oynayıb. Hazırda qloballaşan dünyada mürəkkəb ictimai-siyasi proseslər yaşanır, etnik-dini zəmində münaqişələr, irqi ayrıseçkilik, dini ekstremizim və islamafobiya kimi arzuolunmaz təzahürlər müşahidə edilir".
Dövlət başçısının müraciətində bildirilib ki, beynəlxalq təhlükəsizliyi və insanların əminamanlığını təhdid edən bu cür hallara qarşı səmavi dinlərin, sülh, mərhəmət, şəfqət və həmrəylik çağırışlarına, sivilizasiyalararası dialoqa və əməkdaşlığa ciddi ehtiyac var: "Bu baxımdan dünyada örnək model kimi qəbul edilən Azəbaycan multikulturalizm və tolerantlıq ənənələri ilə bağlı mövzuların konfransda müzakirəsi böyük elmi, ictimai və siyasi məna daşıyır.
Biz Azərbaycanda tarixi-mənəvi irsin, etnik mədəni müxtəlifliyin, multikulturalizmin qorunub saxlanmasına və daha da inkişaf etdirilməsinə dövlət siyasəti səviyyəsində xüsusi önəm verir, dövlət-din münasibətlərinin tənzimlənməsində milli-tarixi ənənələr və beynəlxalq hüquqi normalara əsaslanırıq. Sizlər də təmsil etdiyiniz respublikalarda eyni fəaliyyəti fədakarlıqla həyata keçirirsiniz. Ümumi və doğma evimiz olan Qafqazda davamlı sülhün, əminamanlığın bərqərar olmasında, bəşəri dəyərlərin, İslam dininin əsl mahiyyətinin təbliği və təşviqində, yad dini cərəyanların və zərərli təsirlərin vaxtında qarşısının alınmasında Sizin kimi din xadimlərinin rolu böyükdür. Qafqaz Xalqları Ali Dini Şurası üzvlərininin ümumi məqsədlər naminə mənəvi tellərlə bir qurumda birləşməsinin günümüz üçün xüsusi əhəmiyyəti vardır. Bu işdə əməyi olan hər bir şəxsin, qurum rəhbərinin, Qafqaz Müsəlmanları İdarəsi sədrinin fəaliyyətini tədqirəlayiq hesab etmək olar. Əmin olduğumu bildirirəm ki, zəruri və aktual bir mövzuya həsr olunmuş beynəlxalq toplantınız anlaşma və həmrəylik ruhunda keçəcək, xalqlarımız, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəkdir. Bu nəcib işinizdə Sizə uğurlar, can sağlığı, səadət arzulayıram".