“Günəşli” yatağı üçün yeni özül quraşdırılacaq

14:26 - 29 Noyabr 2016 - İQTİSADİYYAT

“Günəşli” yatağı üçün yeni 7A saylı dərin dəniz özülünün inşası nəzərdə tutulub. SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunacaq özülün baş podratçısı Şirkətin “Neftqaztikinti” Trestidir.“10 ədəd qaz-kondensat quyusunun qazılması üçün nəzərdə tutulan özül dənizin 146 metr dərinliyində yerləşdiriləcək və yataqdakı mövcud 7 saylı dərin dəniz özülünə 2 körpü vasitəsi ilə birləşdiriləcək. İstehsalat və yaşayış sahələrindən ibarət özül ən müasir qazma avadanlığı, qaldırıcı kranlar, avtomatlaşdırılmış yanğınsöndürmə sistemi, neft-qaz kəmərlərində məsafədən idarə olunan kəsici siyirtmələr, yüksək təzyiqli qaz seperasiya və ölçü sistemləri, bioloji sutəmizləmə qurğusu, yanalma meydançaları, eləcə də digər zəruri avadanlıqlarla təchiz ediləcək. Seperasiya sistemindən ayrılacaq qaz və kondensat ölçülərək 7 saylı özülün müvafiq texnoloji xətlərinə ötürüləcək. Bundan başqa, neft-qaz, içməli su və kabel xətləri də 7 saylı özüllə əlaqələndiriləcək. Ümumi sahəsi 5980 kvadrat metr olacaq özülün dayaq blokunun hündürlüyü 151 metr, çəkisi isə 9350 ton olacaq. 10 ədəd əsas və 10 ədəd köməkçi svayların vurulma dərinliyi 120 metr təşkil edəcək”, - deyə məlumatda vurğulanıb.

 
SOCAr-dan bildirilib ki, artıq özülün inşası istiqamətində işlərə start verilib. “Neftqaztikinti” Tresti tərəfindən dayaq bloklarının əsas və köməkçi svaylarının “BOS Şelf” MMC-nin ərazisində hazırlanmasına başlanılıb: “Ətraf mühitin və əməyin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin edilir”.
 
Qeyd edək ki, özüldə qazılacaq quyuların hər birindən sutkada 350 min kubmetr qaz və 10 ton kondensat hasil ediləcəyi nəzərdə tutulur. İstismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçiriləcək.

Xəbər xətti