Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu Kürdəmir rayonunun Atakişili kəndində keçirib. Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, işgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib, Kürdəmirdə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib. 80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Kürdəmir rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, intensiv bağçılıq, taxılçılıq və cins heyvandarlıq təsərrüfatlarının, soya əkini, çörək istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb. Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2016-cı ilin ötən dövrü ərzində 2225 sahibkara 143,6 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6600-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə, indiyədək Kürdəmirdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 266 investisiya layihəsinin maliyyələşdirilməsinə 19,6 mln. manat güzəştli kredit verilib. İşgüzar forum çərçivəsində Kürdəmir və ətraf rayonlardan olan 50-yə yaxın sahibkara 1,5 mln. manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, quşçuluq, əkinçilik, ağac emalı və s. sahələrin inkişafına yönəldiləcək. Forum çərçivəsində Kürdəmirdə güzəştli kredit ayrılmış müasir heyvandarlıq kompleksinə baxış keçirilib. Ümumilikdə indiyədək, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ildə 191 min ton süd və 2 min ton ət istehsal etmək gücündə olan 22 müasir heyvandarlıq kompleksinin yaradılmasına 102 mln. manatdan çox güzəştli kredit ayrılıb. Artıq təsərrüfatlardan 15-i istifadəyə verilib.