Noyabrın 30-da keçiriləcək OPEC-in Vyana sammitində neft bazarının balanslaşdırılmasına dair qərarın hasilatın azaldılması, yaxud dondurulması variantı üzrə qəbulundan asılı olmayaraq, bu proseslər neftin qiymətinin yüksəlməsinə stimullaşdırıcı təsir göstərəcək.
Bu barədə energetika naziri Natiq Əliyev “Respublika” qəzetində dərc edilmiş “Dünya bazarında neft: Reallıqlar və perspektivlər” adlı məqaləsində qeyd edib.
“Ümid edirik ki, Neft İxrac edən Ölkələr Təşkilatı və Azərbaycan arasında sıx əlaqələrin qurulması dialoq və məsləhətləşmələr vasitəsilə dünya iqtisadiyyatında və neft bazarlarında dəyişiklikləri izləyən, onlara operativ reaksiya təklif edən OPEC-lə mütəmadi təcrübə mübadiləsinin aparılmasına imkanlar yaradacaq. Eyni zamanda, bu əməkdaşlıq növbəti görüşdə OPEC üzvlərinin Azərbaycandan xahiş edəcəkləri mümkün hasilat həcminin ixtisarı ilə bağlı razılaşmanın da əlverişli olmasına şərait yaradacaq”, - deyə məqalədə qeyd olunub.
Nazir qeyd edib ki, neft bazarının tənzimlənməsi ilə bağlı öhdəliklərin götürülməsi və bu öhdəliklərin neft hasil və ixrac edən ölkələr arasında paylaşdırılması istər bazar, istərsə də qiymət spekulyasiyasında maraqlı tərəflərə daha ciddi tədbirlər görülməsinin mümkünlüyü mesajını verəcək: “Fikrimizcə, neftin bahalılığını təmin edən təbii iqtisadi faktorların zəif olduğu indiki situasiyada bazara çevik müdaxilə zəruridir. Əgər 2016-cı və 2017-ci illər üzrə qlobal iqtisadiyyatda ümumdaxili məhsul (ÜDM) üzrə ölkələrin göstəricilərinə nəzər yetirsək, Çin, Hindistan və Avrozona üçün iqtisadi inkişaf tempinin daha da aşağı düşəcəyini görə bilərik. Belə ki, Çində ÜDM cari ildəki 6,5%-ə qarşı gələn il 6,1%, Hindistanda müvafiq olaraq 7,5%-ə qarşı 7,2%, Avrozona ölkələrində isə 1,5%-ə qarşı 1,2% təşkil edəcək”.