Son doqquz ildə “113” xidmətinin dispetçer mərkəzinə yol-nəqliyyat hadisələri ilə bağlı 9 394 müraciət qəbul edilib. “Report”un məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında ölkədə yol-nəqliyyat hadisələri zamanı zərərçəkənlərə göstərilən tibbi yardıma həsr edilən tədbirdə bildirilib.
Qeyd olunub ki, bu hadisələr zamanı 12 223 zərərçəkənə yüksək səviyyəli tibbi xidmət göstərilib. Bu pasientlərdən 7866 (64%) nəfər xəstəxanaya yerləşdirilib. Ölkədə yol nəqliyyat hadisələri zamanı zərərçəkənlərin sayı azalmağa doğru gedir. Belə ki, bu ilin yanvar- oktyabr aylarında yol-nəqliyyat hadisələri ilə bağlı 794 müraciət qeydiyyata alınıb. Bu isə keçən ilin analoji göstəricisindən 15% azdır. Bu hadisələrdə 1140 zərərçəkən qeydə alınıb, bu isə keçən ilin analoji göstəricisindən 7% azdır. Ümumilikdə zərərçəkənlərin 758 (66%) nəfəri xəstəxanaya yerləşdirilib.
Tədbirdə o da bildirilib ki, yol-nəqliyyat hadisələri ilə bağlı çağırışlar ən çox Şirvan, Kürdəmir, Yevlax, Siyəzən, Gəncə və İmişli məntəqələrinin xidmət göstərdiyi ərazilərdə baş verib.
Bundan başqa, Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 2009-2016-cı illər ərzində yol-nəqliyyat hadisələri ilə bağlı daxil olan müraciətlərin və zərərçəkənlərin sayı, həmçinin son 2 il ərzində azalmağa doğru gedir. Son zamanlar ictimai nəqliyyat vasitələrinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayı da azalıb. Belə ki, bu ilin yanvar ayından noyabr ayınadək yol-nəqliyyat hadisələrində xəsarət alanların sayı 1984, xəstəxanaya yerləşdirilənlərin sayı 1677 nəfər təşkil edib. BŞTTYS-nin 21 bölməsi üzrə aparılan araşdırmalar göstərmişdir ki, yol-nəqliyyat qəzaları daha çox Bakı şəhərinin Sabunçu, Yasamal, Binəqədi və Nərimanov rayonlarının payına düşür.