Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman birliyi” adlı təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Trend-in məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Nardaran sakini Xəqani Dadaşov şahid qismində ifadə verib. Balıq alveri ilə məşğul olduğunu deyən şahid Nardaran qəsəbəsində baş verən hadisədən telefonla xəbər tutduğunu deyib. Vəkillər onun ifadələrində ziddiyyət olduğunu bildirib və onun ifadəsinin elan edilməsini istəyiblər. Bundan sonra onun ifadəsi elan edilib. O, ifadəsində deyib ki, T.Bağırov hər kəsi silahlanmağa və dövlətə qarşı qalxmağa səsləyib: "Deyirdi ki, dini dövlət qurmaq lazımdır. "Müsəlman birliyi" hərakatının üzvü kimi mənə vəsiqə vermişdilər. Biz elə bilirdik, Taleh Bağırov bunu dini təbliğat və bizim yaxşılığımız üçün edir. Sonradan bildik ki, onun məqsədi təxribat və bizi hakimiyyətə qarşı qaldırmaq olub. Taleh Bağırov və ətrafındakıların pis niyyətlərini anladığım üçün vəsiqəni cırıb atdım və onlardan uzaqlaşdım. Ötən il noyabrın 25-də Əbülfəz Bünyatovun evinin yanından keçəndə gördüm ki, silah və partlayıcı maddələr yığırlar. Sonra eşitdim ki, Talehin adamları polisləri öldürüblər". Daha sonra iclasda hakim bildirib ki, "Müsəlman birliyi" hərəkatının sədri T.Bağırovun müraciət kitabçasının alınması üçün istintaq orqanına göndərdikləri sorğuya cavab olaraq həmin kitabça məhkəməyə təqdim edilib. O, vəkillərin istədikləri vaxt onunla tanış ola biləcəklərini deyib. Proses günün ikinci yarısında davam edəcək. Qeyd edək ki, T.Bağırov və təşkilatın digər üzvləri Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunurlar. Həmin şəxslər ötən il noyabrın 26-da hüquq-mühafizə orqanları əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı saxlanılıblar. F.Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.