ABŞ Hərbi Hava Qüvvələrinin 2015-ci ilin noyabrından 2016-cı ilin sentyabrına qədər Suriyaya və İraqa endirdiyi hava zərbələri nəticəsində 64 mülki sakin ölüb. Bu barədə Amerika hərbçilərinə istinadən "Reuters" xəbər verib. Pentaqonun açıqlamasına görə, söhbət 24 müxtəlif hava zərbəsindən gedir. Amerika hərbçiləri bildirirlər ki, onlar hər hava zərbələri endirərkən mülki vətəndaşlar arasında itkinin olmaması üçün bütün zəruri tədbirləri görüblər. 2014-cü ildən bu günə kimi endirilən zərbələr nəticəsində ümumilikdə 119 mülki sakin həlak olub, 37 nəfər yaralanıb. "Beynəlxalq Amnistiya" təşkilatı isə bəyan edir ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin hava zərbələri nəticəsində 300-ə yaxın mülki sakin həlak olub. ABŞ Suriya və İraqa 12 min hava zərbəsi endirib.