Əli Orucov Müseyib oğlu Şəmkir (Şamxor) rayonunda doğulmuşdur. 1949-cu ildə orta məktəbi bitirdirdikdən sonra həmin ildə ADU-nun (İndiki BDU) hüquq fakultəsinə daxil olmuşdur. 1954-cü ildə Universiteti əla qiymətlərlə bitirərək, hüquqşunas diplomuna yiyələnmişdir. Əli Orucov tələbəlik illərində (1949-1954) boksla məşğul olmuş, orta ağır çəkidə tələbələr arasında Respublika üzrə keçirilən boks yarışlarında dəfələrlə çempion adını qazanmışdır. Hətta SSRİ üzrə tələbələr arasında keçirilən boks yarışlarında Azərbaycan Respublikasını təmsil edərək, vətənə gümüş medallarla qayıtmışdır. Tələbəlik illərində Əlini “boksçu Əli” kimi tanıyırdılarsa, bu qələbələrdən sonra hamı onu “çempion Əli”- deyə, çağırırdı. Tələbə dostları, yoldaşları onu indiyədək “boksçu”, “çempion Əli” kimi xatırlayırlar.
Əli Orucov Müseyib oğlu Universiteti fərqlənmə ilə bitirdikdən sonra Bakı və Şəmkir (Şamxor) şəhərlərində Rabitə şöbəsinin rəisi vəzifələrində, 1960-cı illərin əvvələrindən 1992-ci ilin sonunadək Azərbaycan Prokurorluğu orqanında prokuror köməkçisi və prokuror vəzifələrində çalışmışdır. Ədliyyə müşaviri rütbəsinə qədər yüksəlmişdir. Prokurorluqda çalışdığı illərdə Azərbaycan Prokurorluğu tərəfindən dəfələrlə fəxri fərmanlarla təltif olunmuşdur. Əli Orucov qüsursuz dövlətə xidmət edən şəxslərdən idi. Hətta SSRİ Baş Prokurorluğu (SSRİ Baş Prokuroru Rudenkonun şəxsi imzası ilə) tərəfindən qızıl saatla mükafatlandırılmışdır.
Mətbuatda Əli Orucovun fəaliyyəti, müsahibələri və onun haqqında yazılar dərc olunurdu. Bu dövlət xadiminin adı Azərbaycan Prokurorluğunun “Fəxri kitabı”nda yer almışdır.
Prokurorluqda çalışdığı illərdə, humanist – insanpərvər, mərd, xeyirxah, hamıya yaxşılıq etməyə çalışan və öz xeyirxahlığı ilə hamının ürəyində yer alan Orucov Əliyə işlədiyi rayonlarda (Şamaxı, Qax, Xaçmaz və s.) “Qızıl Əli” ləqəbi verilmişdir.
İşlədiyi rayonlarda Orucov Əli Müseyib oğlu həmişə xoş təəssüratlarla, xoş xatirələrlə yada salınır.
AZENS.AZ
Hazırladı: nəvəsi Orucova Jalə