Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə noyabrın 7-8-də "Multikulturalizm və teatr" mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək.
Noyabrın 4-də Azərbaycan Dövlət Musiqili Teatrında beynəlxalq tədbirin Təşkilat komitəsinin rəhbəri, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin iştirakı ilə mətbuat konfransı keçirildi.
Nazir müavini konfrans haqqında geniş məlumat verərək bildirdi ki, Bakı Beynəlxalq Teatr Konfransı Prezident İlham Əliyevin 2009-cu il 18 may tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı"na uyğun olaraq keçirilir. Artıq dördüncü dəfə təşkil olunan konfransda Böyük Britaniya, Rusiya, İspaniya, Almaniya, ABŞ, Ukrayna, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, Belarus, Hindistan, Gürcüstan, Xorvatiya, Serbiya, İran, İraq, İtaliya, ümumilikdə 38 ölkədən 150-yə yaxın nümayəndə, o cümlədən teatrşünaslar, teatr tənqidçiləri, dünyanın tanınmış teatr kollektivlərinin, beynəlxalq institutların rəhbərləri, menecerlər, sənət sahəsindən yazan jurnalistlər və s. iştirak edəcək. Konfransda iştirakçıların 48 məruzəsi dinləniləcək. Konfransın materialları, iştirakçılar barədə məlumatlar Azərbaycan, rus və ingilis dillərində nəşr edilib, həmçinin tədbirin xatirə nişanı hazırlanıb.
Ədalət Vəliyev qeyd etdi ki, dünyanın regional toqquşmalar, beynəlxalq gərginlik, terror təhlükəsi və digər təhdidlərlə üzləşdiyi və bəzi ölkələrin monoetnik dövlətə çevrildiyi halda Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib: “Hesab edirik ki, "Multikulturalizm və teatr" mövzusunda keçiriləcək konfrans ölkəmizə gələn qonaqlara Azərbaycanda multikultural dəyərlərin hansı səviyyədə olmasını, inkişaf yolunu görmək imkanı yaradacaq. Budəfəki konfransda iştirakçı ölkələrin sayı təkcə bu foruma deyil, həm də ümumilikdə Azərbaycana olan marağın nəticəsidir”.
“Azərbaycan bütün sülhsevər ölkələrə açıq dövlətdir. Azərbaycan Respublikası inkişaf edir, bu il 25 illiyini qeyd etdiyimiz müstəqillik dövründə siyasi, mədəni, iqtisadi - bütün sahələrdə qazanılmış uğurlar ölkəmizə maraq oyadır”, - deyən nazir müavini bildirdi ki, həyata keçirilən bu işlər Azərbaycan dövlətinin uğurlu daxili və xarici siyasətinin nəticəsidir.
Qeyd olundu ki, xüsusilə son illərdə ölkəmizin ev sahibliyi etdiyi “Eurovision” musiqi yarışması, ilk Avropa Oyunları, “Formula - 1” yarışları Azərbaycanın çoxmilyonlu dünya auditoriyası qarşısında özünütəsdiqi idi. Bu kimi tədbirləri izləmək üçün gələn on minlərlə insan Azərbaycanı görür, tanıyır.
Diqqətə çatdırıldı ki, konfransın yüksək səviyyədə keçirilməsi ilə bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin imzaladığı sərəncamla Təşkilat komitəsi və işçi qərargahlar yaradılıb. 6 aydan artıq bir müddətdə bu istiqamətdə ciddi hazırlıq işləri həyata keçirilib. Paytaxtımızın teatr və konsert müəssisələri konfrans günləri üçün xüsusi repertuar tərtib ediblər. Bütün bu proqramlar ingilis dilində alt yazı ilə təqdim ediləcək. Konfransda Beynəlxalq Teatr İnstitutu, Beynəlxalq Teatr Tədqiqatları Federasiyası, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyası, Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası, Beynəlxalq Kukla Teatrları İttifaqı, Musiqili Teatrların Beynəlxalq Assosiasiyası kimi qurumlar təmsil olunacaq. Bu təşkilatların ayrılıqda öz yerli iclasları da təşkil ediləcək.
Qonaqlar noyabrın 5-dən başlayaraq Bakıya gələcəklər. Noyabrın 6-da AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun "İrəvan xanlığı" kitabının misirli alim Abdel Rahman Al Xamissi tərəfindən ərəb dilinə tərcüməsinin təqdimat mərasimi olacaq və qonaqlar Akademik Milli Dram Teatrında "Ölülər" tamaşasına baxacaqlar. Noyabrın 6-da və 9-da Azərbaycan Dövlət Rus Dram Teatrında Boris Daussa-Pastorun "Karri Marqolis metodu", Azərbaycan Dövlət Musiqili Teatrında Pavel Rudnevin "Teatr teatrşünaslardan nə gözləyir", Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Andrey Sidelnikovun "Aktyor sənətində improvizə", Azərbaycan Dövlət Musiqili Teatrında Devid Pərrişin "Yaradıcılıq və biznes: teatr üçün yeni imkanlar" mövzularında seminar və treninqlər, habelə beynəlxalq təşkilatların milli mərkəz üzvləri ilə görüşlər keçiriləcək.
Bakı Beynəlxalq Teatr Konfransının Şərqi Avropada ilk layihə olduğunu diqqətə çatdıran nazir müavini qeyd etdi ki, tədbirin iş prosesi xaricdən gələn, eyni zamanda yerli telekanal və jurnalistlər tərəfindən işıqlandırılacaq. Media nümayəndələrinin Bakı ilə yanaşı, bölgələrlə də tanışlığına şərait yaradılacaq.
Ədalət Vəliyev onu da bildirdi ki, Azərbaycanda keçirilən böyük beynəlxalq mədəni layihələr dünyanın sənət adamlarının ölkəmizə marağını günü-gündən artırır.