Bakı Apellyasiya Məhkəməsində “TVİNS-ART” MMC-nin təsisçilərindən biri olan Kamal Sadat oğlu Quliyevin iddiası əsasında məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.
Bu barədə “Report”a iddiaçı K.Quliyev məlumat verib.
Onun sözlərinə görə, hakim Xuraman Məhərrəmovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, K.Quliyevin apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı qərardad ləğv olunub. Məhkəmə cavabdehin mülkiyyətində olan əmlakların üzərinə həbs qoyulması barədə iddiaçının ərizəsini təmin edib.
İddiaçı K.Quliyev bildirib ki, hazırda çoxmənzilli bina tikintisi ilə məşğul olan, Xətai rayonu Xudu Məmmədov küçəsi 2944-cü məhəllədə yerləşən “TVİNS-ART” MMC-nin paylarının 25%-nə sahib olmaqla 4 təsisçidən biridir: “Qeyd etmək istəyirəm ki, “TVİNS-ART” MMC-nin digər 3 təsisçisi isə hər biri 25% paya sahib olmaqla Pərviz Fərhad oğlu Qiyaslı, Əkrəm Məhəmməd oğlu Quliyev və Etibar Əkbər oğlu Ağayevdir. Lakin son zamanlar MMC-nin təsisçilərindən Pərviz Qiyaslının atası Fərhad Qiyas oğlu Ağayev, digər təsisçi Əkrəm Quliyevin yaxın qohumu və Fərhad Ağayevin qardaşı Rövşən Qiyas oğlu Ağayev, o cümlədən təsisçi Etibar Ağayev tərəfindən mənə qarşı təzyiqlər göstərilib və hədə-qorxu gəlinməklə şantaj edilməyə başlandı. Belə ki, Fərhad Ağayev və onun qardaşı Rövşən Ağayev MMC-nin təsisçiləri olmadığı halda, onlar tərəfindən şirkətin təsisçisi olaraq məndən “TVİNS-ART”a məxsus möhür, MMC-nin hesablaşma kassa əməliyyatlarının aparılması üçün istifadə edilən kassa sənədləri və kassanı qeyri-qanuni şəkildə, hədə-qorxu yolu ilə 30 dekabr 2014-cü il tarixində aldılar. Bundan sonra MMC-nin kapitalında heç bir payı olmayan həmin qardaşlar şirkətin fəaliyyətini həyata keçirmək üçün qohumlarını işə götürüb. Mübahisələrdən və edilən qanunsuz hərəkətlərdən sonra mənim MMC-də iştirakçılıqdan çıxmaq istəyimlə nəticələndi”.
Onun sözlərinə görə, MMC-nin 4 təsisçisindən biri olaraq, Mülki Məcəlləsinin 95 və 96-cı maddələrinin tələblərini rəhbər tutmaqla şirkətdəki iştirakçılıqdan çıxmaqla bağlı əvvəlcə digər təsisçilərə yazılı müraciət edib: “Lakin müraciətim heç bir nəticə vermədi. Daha sonra eyni tələblə - iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etdim. İddia ərizəsi ilə bərabər işə baxılanadək “TVİNS-ART” MMC-yə məxsus, onun mülkiyyətində, icarə və istifadəsində olan əmlakların üzərinə həbs qoyulması, onların hər hansı formada özgəninkiləşdirilməsinin qadağan edilməsi ilə bağlı qərardad çıxarılması üçün iddianın təmini tədbiri ilə də bağlı Xətai rayon Məhkəməsinə ərizə verdim. Məhkəmə ərizəni rədd etdi. Lakin Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, ərizəm təmin olunub. Beləliklə, “TVİNS-ART” MMC-nin mülkiyyətində, istifadəsində və icarəsində olan bütün növ əmlakların iş üzrə yekun məhkəmə qərarı çıxarılanadək özgəninkiləşdirilməsi qadağan edilməklə həmin əmlakların üzərinə həbs qoyulub. Onu da əlavə edim ki, “TVİNS-ART” MMC-nin istifadəsində Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2944 a məhəlləsində yerləşən 2 hektar torpaq sahəsi, mülkiyyətində isə şirkət tərəfindən tikilmiş mərtəbələrinin sayı 12 ilə 16 arasında dəyişən 8 bina var. Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərardadı ilə sadaladığım əmlaklardan “TVİNS-ART” MMC-yə məxsus mənzillərin üzərinə həbs qoyulub və önzəginkiləşdirilməsi qadağan edilib”.
K.Quliyev vurğulayıb ki, Bakı Apellyasiya Məhkəməsinin qərardadı əsasında verilmiş İcra Vərəqəsi hazırda icra edilməsi üçün Xətai Rayon İcra Şöbəsinin icraatındadır.