Qəzalı körpü bərpa edildi – FOTO+VİDEO

11:40 - 31 Oktyabr 2016 - ÖLKƏ İÇİ

Şəmkir və Tovuz rayonlarını birləşdirən Zəyəmçay üzərində qəzalı vəziyyətdə olan körpünün bərpası ilə bağlı müvafiq bərpa işlər aparılır.

“Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən verilən xəbərə görə, Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 427-ci km-də yerləşən körpüdə bərpa işləri üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
Layihə çərçivəsində bərpa işləri zamanı körpünün hər iki tərəfində 50 metr uzunluğunda mühafizə və yeni sutənzimləyici baraj qurğular inşa edilir. Bundan başqa, diş konstruksiyasının dərinlik boyu hündürlüyü 1,2 metr artırılmaqla, dərinlik boyu örtük hissə bərpa edilməklə bərkitmə işləri aparılır. Diametri 0,3 metr olan daşlardan istifadə edərək qoruyucu bərpa tədbirləri görülür.
"Yolun beynəlxalq yük və sərnişin daşımasındakı əhəmiyyəti nəzərə alınaraq bərpa işlərinin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması nəzərdə tutulub", - deyə şirkətdən bildirilib.
Sözügedən 3 aşırımlı körpü 2011-ci ildə inşa edilib, uzunluğu 96,3 metr, eni 11,5 metr, çay məcrasından hündürlüyü isə 11 metrdir. Zəyəmçay üzərində inşa edilən körpü 377 min nəfər əhalinin yaşadığı Şəmkir və Tovuz rayonlarını birləşdirən yeganə körpüdür və alternativ yol yoxdur.
Qeyd edək ki, bu ilin iyun-iyul ayları ərzində Şəmkir rayonu ərazisində aramsız yağan yağışlardan əmələ gələn sel suları nəticəsində yuyulma baş verib və körpü qəzalı vəziyyətə düşüb. Belə ki, diametri 1,2 m-lik svay özül üzərində inşa edilən körpüdə məcrada baş verən eroziya nəticəsində dəmir-beton örtüklü körpü altı məcranın aşağı hissəsində 4,6 metr dərinlikdə yuyulma prosesi gedib. Saxlayıcı diş və dəmir-beton konstruksiyasının bir hissəsi dağılaraq qəzalı vəziyyətə düşüb.

 


Xəbər xətti