Milli Məclisin bu gün keçirilən plenar iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi təsdiqlənib. "Report"un xəbərinə görə, qanun layihəsi 5 fəsil 24 maddədən ibarətdir. Qanuna görə, məktəbəqədər təhsil müəssisəsinin təsisçisi dövlət, bələdiyyələr, Azərbaycanın hüquqi şəxsləri və vətəndaşları ola bilərlər. Məktəbəqədər təhsil müəssisəsinə lisenziya müddətsiz verilir. Bu təhsil müəssisələrinə yalnız ali təhsilli və bu sahədə ən azı 5 il təcrübəsi olan şəxslər rəhbər təyin oluna bilərlər. Müzakirəyə təqdim olunmuş qanun layihəsi məktəbəqədər təhsilin təmin olunması sahəsində dövlət siyasətinin prinsiplərini, məktəbəqədər təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək. Layihədə bildirilir ki, məktəbəqədər təhsil sahəsində təhsil xidmətləri göstərən hüquqi və fiziki şəxslər tərəfindən məktəbəqədər təhsilin vəzifələri pozulduqda, məktəbəqədər təhsilin dövlət standartlarının tələbləri yerinə yetirilmədikdə onların lisenziyası ləğv edilir.
Layihəyə əsasən, məktəbəqədər yaşda uşaqların təhsil aldığı müəssisələrin bir neçə növü müəyyən edilib. Bunlar körpələr evi, körpələr evi-uşaq bağçası, məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi ümumi təhsil məktəbləri, digər tipdən olan təhsil müəssisəsi yanında kompleks formada fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəsi, uşaq inkişaf mərkəzi, sanator tipli uşaq bağçaları (bu uşaq bağçaları infeksion xəstəliklərə meylli və immun sistemi zəif olan uşaqlar üçün yaradılır), sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri, elmi-tədqiqat müəssisələrinin yanında yaradılan məktəbəqədər təhsil müəssisəsidir. Bunlar arasında sanator tipli uşaq bağçaları, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri və uşaq inkişaf mərkəzi yeni növ məktəbəqədər təhsil müəssisələri olacaq.
Qanun layihəsi müzakirələrin yekununda səsverməyə çıxarılaraq qəbul edilib.