Çində səfərdə olan "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti paytaxt Pekində "Çin Dəmir Yolları"nın baş direktorunun müavini Yan Yudunla görüşüb. "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, Y. Yudun C. Qurbanova Çin dəmir yollarının strateji inkişafı haqda ətraflı məlumat verərək, gələcək perspektivli layihələr barədə söhbət açıb. Bildirib ki, Çin iqtisadiyyatının inkişafı, Qərb və xüsusi ilə Avropa ölkələri ilə ticarət dövriyyəsinin ildən-ilə artması, yüklərin nəql edilməsi yollarının diversifikasiyası qarşıda duran vacib məsələlərdən biridir. Onun sözlərinə görə, Çin Xalq Respublikasının Sədri Si Czipinin təşəbbüsü ilə "Bir kəmər, bir yol" proqramı hazırlanıb və bu layihəyə əsasən Yeni İpək Yolunun dirçəldilməsi nəzərdə tutulub. Baş direktorun müavini Azərbaycanın tranzit imkanlarından istifadə edilməsi həmin proqramın tərkib hissəsi olduğunu qeyd edib.
Öz növbəsində Azərbaycanın tranzit potensialı, əlverişli coğrafi mövqeyi haqda söhbət açan C. Qurbanov ölkəmizdə reallaşan iri infrastruktur layihələri haqda Çin tərəfinə geniş məlumat verib. Bildirib ki, tikintisi sona çatmaqda olan Bakı-Tbilisi-Qars dəmir yolu, bütöv bir regionu Avropa dəmir yolları şəbəkəsinə birləşdirəcək, Astaradan İrana qədər dəmir yolunun inşası isə dəmir yolu vasitəsi ilə ölkəmizi İran körfəzi və Hind okeanı ölkələri ilə birləşdirəcək. C. Qurbanovun sözlərinə görə, Çin hər iki dəmir yolundan rahatlıqla istifadə edərək, qısa zaman kəsiyində Türkiyə, Avropa və İranla idxal-ixrac əməliyyatlarını həyata keçirmək imkanı əldə edəcək.
Görüşdə Çin dəmir yollarının rəhbərliyi Azərbaycan ərazisindən keçməklə Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutundan geniş istifadə edilməsindən maraqlı olduqlarını nəzərə çatdırıblar. Bildiriblər ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi Çindən daşınan yüklərin Gürcüstan, Qara Dəniz hövzəsində yerləşən limanlara, həmçinin Cənubi Rusiya və İran istiqamətində paylaşdırılmasını həyata keçirmək istiqamətində bir hab rolunu oynamağa imkan yaradır.
Trans-Xəzər marşrutunun Çindən - Mərkəzi və cənubi Avropa arasında ticarət dövriyyəsi üçün ən əlverişli nəqliyyat dəhlizi olduğunu bildirən Çin rəsmiləri, yüklərin sayı artacağı təqdirdə, Xəzər dənizində baş verəcək gecikmələrin qarşısını almaq üçün, alternativ marşrut kimi, Xəzərin şimal hissəsindən, yəni Qazaxıstan-Rusiya-Azərbaycan dəmir yolu marşrutundan istifadə etmək arzusunda olduqlarını bildiriblər. Qeyd ediblər ki, bu yolla artıq yüklər Azərbaycandan İrana və Türkiyəyə daşına bilər.
Tərəflər əməkdaşlığın inkişaf etdirilməsi və iş birliyi zamanı yaranacaq bütün məsələlərin operativ həlli üçün işçi qrupunu yaradaraq, onlara rəhbərlik edəcək məsul şəxsləri də müəyyən ediblər.