Cəlilabadda 23 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunda nəqliyyatın hərəkəti bərpa olunub. Ucnoqta.az xəbər verir ki, bu barədə apa-nın cənub bürosuna Cəlilabad Rayon Yol-İstismar Sahəsinin rəisi Vahid Muradov məlumat verib. O bildirib ki, uzunmüddətli yağıntılar səbəbindən 20 min nəfər əhalinin yaşadığı və 23 yaşayış məntəqəsini birləşdirən Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun Soltankənd hissəsi çöküb. Nəticədə nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.
Rayonun müvafiq qurumlarının, o cümlədən yol-istismar sahəsinin işçi qüvvəsi və ağır texnikası dərhal bərpa işlərinə cəlb olunub. Onların səyləri ilə gecə saat 02:00 radələrindən etibarən Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunda hərəkət bərpa edilib. V. Muradovun sözlərinə görə, yağış yağmasına baxmayaraq, sürüşmə baş verən ərazidə bərpa işləri davam etdirilir. Qısa müddətdə yol tam təmir olunacaq.