Beynəlxalq Əmək Təşkilatı (BƏT) və BMT İnkişaf Proqramının (BMT İP) birgə missiyasının Azərbaycana səfəri başlayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ictimaiyyətlə əlaqələr şöbəsindən ucnoqta.az-a verilən məlumata görə, səfərdə məqsəd ölkəmizdə 2016-2030-ci illər üçün Milli Məşğulluq Strategiyasının hazırlanması işlərinin yekunlarının və özünüməşğulluq proqramının həyata keçirilməsi sahəsində görülən işləri həmin təşkilatların ekspertləri ilə birgə müzakirə etməkdir.
Bu gün ƏƏSMN-də BƏT və BMT İP-nın birgə missiyası ilə görüş olub. Görüşdə BƏT-in Mərkəzi Asiya və Şərqi Avropa ölkələri üzrə Ofisinin direktor müavini Şurençumeq Zoxiolt, BƏT-in Gənclərin Məşğulluğu layihəsi üzrə baş texniki məsləhətçisi Mixail Puşkin, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İP-in rezident nümayəndəsi Qulam İsakzai, BMT İP-in rezident əlaqələndiricisinin müavini Alasendro Frakaseti, BMT İP İstanbul regional ofisindən proqram üzrə məsləhətçi Şeyla Marnie və digərləri iştirak edib.
Nazir Səlim Müslümov bu gün Azərbaycanın dövlət müstəqiliyinin 25-ci ildönümünün qeyd olunduğunu vurğulayıb. Nazir ötən dövrdə ümummilli lider Heydər Əliyevin siyasi müdrikliyi, zəngin dövlətçilik təcrübəsi və Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində dövlət müstəqilliyimizin qurulması və möhkəmləndirilməsi, dayanıqlı sosial-iqtisadi inkişafa nail olunması, dünya birliyinə fəal inteqrasiyasının təmin edilməsi istiqamətlərində əldə olunan misilsiz uğurları diqqətə çatdırıb.
S.Müslümov ölkənin sosial-iqtisadi inkişafının əmək, məşğulluq sahələrini də əhatə etdiyini bildirib: “Ötən dövrdə milli iqtisadiyyatın 7 dəfədən çox artdığı, qeyri-neft sektorunun ÜDM-də payının 70 faizə çatdığı respublikada minimum əməkhaqqı 11,7 dəfə, bir nəfərə düşən orta aylıq əməkhaqqı 6,3 dəfə artaraq 489,3 manata çatıb. Əhalinin gəlirləri son on ildə 5,2 dəfə, cari ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,7 faiz artıb. Son vaxtlarda qlobal iqtisadi proseslərlərlə bağlı milli inkişaf modelinin yeni çağırışlara uyğun təkmilləşdirilməsi üçün dövlət başçısının rəhbərliyi ilə aparılan kompleks islahatlar əmək bazarında sabitliyin qorunub saxlanmasına imkan verib. 2003-2015-ci illərdə 1,5 milyondan çox iş yerinin yaradıldığı respublikada uğurlu iqtisadi şaxələndirmə, özəl sektorun və regionların inkişafına yönələn təsirli tədbirlər bu prosesin daimi xarakter almasına, misal olaraq cari ilin 9 ayında daha 154 min yeni iş yerinin açılmasına səbəb olub. Ölkədə işsizlik 5 faiz səviyyəsindədir və bu nailiyyət qorunub saxlanır. Respublikada iqtisadi fəal əhalinin sayı son beş ildə 6,2 faiz artaraq 2015-ci ildə 4915,3 min nəfərə çatıb. Sosial-iqtisadi inkişaf prosesləri məşğulluq imkanlarının getdikcə çoxalmasına, həmin müddətdə məşğul əhalinin say artımının iqtisadi fəal əhalinin say artımını üstələməklə 6,8 faiz təşkil etməsinə, muzdla işləyənlərin sayının isə 8,3 faiz artmasına imkan verib”.
Nazir əmək bazarında gənclərin rolunun artırılması yönündə tədbirləri, bu sahədə BƏT-lə, habelə BMT İnkişaf proqramı ilə birgə icra olunan layihələri, əmək bazarında tələb və təklifin uyğunlaşdırılması, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması, inklüziv əmək bazarının təmin edilməsi, layiqli əməyin təminatı yönündə görülən işləri qeyd edib. Ölkəmizdə demoqrafik inkişafın təmin edildiyini diqqətə çatdıran S.Müslümov bildirib ki, 2016-cı ilin yanvar-avqust aylarında əhalinin sayı 70,1 min nəfər və ya 0,7 faiz artaraq 2016-cı il sentyabr ayının 1-i vəziyyətinə 9775,7 min nəfərə çatıb. Dövlət başçısının tapşırığına uyğun olaraq, ölkəmizdə müsbət demoqrafik meyllər, o cümlədən əhalinin sabit artım tempi, milli inkişaf prespektivləri nəzərə alınmaqla, 20-dən çox aidiyyəti dövlət orqanının, sosial tərəfdaşların iştirakı ilə “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2016-2030-cu illər)”nın layihəsi hazırlanıb: “Milli iqtisadiyyatın yeni inkişaf mərhələsinə uyğun məşğulluq siyasətinin təkmilləşdirilməsi, demoqrafik yükün əmək bazarına və məşğulluq siyasətinə təsirinin qiymətləndirilməsi, dövlət investisiya xərclərində, infrastruktur layihələrində məşğulluq faktorunun ön planda saxlanılması, əmək bazarının inkişafı üzrə informasiya təminatının yaxşılaşdırılması, rəqabətədavamlı kadr potensialının yaradılması və s. layihədə prioritet istiqamətlərdir. Həmçinin sosial cəhətdən həssas qrupların əmək bazarına inteqrasiyası imkanlarının artırılması, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, sosial tərəfdaşlığın inkişafı və s. də layihədə əksini tapır”.
S.Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamına uyğun olaraq, işaxtaran və işsiz vətəndaşlar üçün özünüməşğulluq proqramının icrası işlərindən bəhs edib: “Proqramda iştirak etmək üçün müraciət edən işsiz və işaxtaran şəxslərə təlimlərin keçirilməsi üçün təlimçilərin hazırlanması prosesi davam etdirilir. Bu gün daha bir qrup təlimçi təlim kursunu başa vuracaq və onlara sertifikatlar veriləcək. Bununla da artıq ölkənin əksər rayon və şəhərləri üçün 122 təlimçi hazırlanıb. Bu sahədə işlərdə BƏT-in müvafiq meyarları diqqətdə saxlanır. Həmin proqram aktiv əmək bazarı siyasətinin xeyli güclənməsinə səbəb olmaqla, kiçik və orta sahibkarlığın dəstəklənməsində, kiçik ailə biznesinin inkişafında mühüm addımdır”.
Nazir ölkəmiz üçün vacib olan bu proqramın icrasında və strategiya layihəsinin hazırlanmasında BƏT-in institisional dəstəyinin əhəmiyyətini qeyd edib, və onu yüksək dəyərləndirib.
Q.İsakzai nazirlik və BMT İP arasında yaxşı əməkdaşlıq təcrübəsinin olduğunu bildirib, əhalinin məşğulluq imkanlarının artırılması sahəsində aparılan birgə işlərin bu əməkdaşlığın müsbət məcrada davam etməsinin təzahürü olduğunu diqqətə çatdırıb.
Görüşdə Azərbaycanda sosial-iqtisadi tərəqqinin dayanıqlığının təmin edilməsi istiqamətində aparılan işlər, onların müsbət nəticələri qonaqlar tərəfindən yüksək dəyərləndirilib, aparılan islahatların əmək və məşğulluq sferasında inkişafa da şərait yaratmasının təqdirəlayiq olduğu vurğulanıb. Ölkənin yeni iqtisadi inkişaf mərhələsinə uyğun uzunmüddətli Məşğulluq Strategiyasına malik olması üçün görülən işlər, bu sənədin layihəsində milli əmək bazarında baş verən proseslər diqqətlə nəzərə alınmaqla önəmli prioritetlərin müəyyən edilməsinin, özünüməşğulluq proqramının icrası işlərinin BƏT tərəfindən rəğbətlə qarşılandığı qeyd edilib.
Sonra görüşdə “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının (2016-2030-cu illər)” layihəsi, layihədə nəzərdə tutulan istiqamətlər və hədəflər, layihə çərçivəsində görülən işlərdə gələcək əməkdaşlıq məsələləri, özünüməşğulluq proqramının icrası işləri müzakirə olunub.