Çindən yuanla ixracın azalması səbəbindən bu gün dolların Yaponiya yeninə qarşı məzənnəsi möhkəmlənib.
"APA-Economics" xəbər verir ki, qeyd edilən səbəbdən dolların yenə qarşı məzənnəsi 2,5 aylıq maksimum səviyyədən aşağı enib. Belə ki, ötən gün 1 dollar 104,635 yen idisə, bu gün ABŞ valyutası 1% ucuzlaşaraq 103,555 yen səviyyəsinədək geriləyib. Ticarət sessiyasının gedişatında dollar itkilərini bir qədər bərpa edə bilib - hazırda 1 dollar 103,81 yenə bərabərdir.
Məsələ burasındadır ki, sentyabrda Çindən yuanda ixrac illik müqayisədə 5,6% azalıb. Daha təhlükəsiz valyuta sayılan yen bu statistik məlumatın dərcindən sonra bahalaşmağa başlayıb. Maraqlıdır ki, Çindən dollarda ixrac 10% azalıb ki, bu da analitiklərin proqnozlarından daha pis göstəricidir.
Avqustda Çin idxalı artırsa da sentyabrda 1,9% azaldıb.
Dollar əsas valyutalar səbətinə nisbətən 97,914 səviyyəsində ticarət olunur ki, bu da 7 aylıq maksimum sayılan 98,122 səviyyəsindən aşağıdır.
Avro 0,1% bahalaşaraq 1,1016 dollar səviyyəsində qərarlaşıb. Ötən gün avro 1,1002 dollaradək ucuzlaşıb ki, bu da iyulun sonundan etibarən ən aşağı göstərici idi.
Funt sterlinq isə 0,1% ucuzlaşaraq 1,2188 dollara çatıb. Halbuki, ötən gün Böyük Britaniyanın valyutası 0,7% irəliləyə bilib.