"Müxalifətin vəzifəsi mövcud hakimiyyətə opponentlik etməkdir". Ucnoqta.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
"Bunun da müxtəlif formaları var. Belə ki, bunu sözlə ifadə etmək, mitinqlərə tərəfdarlarını yığıb orada insanların qarşısında mitinq şəklində ifadə etmək olur. Eləcə də mətbuatda açıqlama formasında da fikirləri ifadə etmək olar. Referendumu və ya seçki aksiyasını öz tərəfdarları ilə birlikdə boykot etmək şəklində də ola bilər. Yəni, mövcud hakimiyyətin vəzifəsi Azərbaycan xalqının ona verdiyi mandat çərçivəsində dövlətin idarəçiliyini yaxşı, effektli həyata keçirilməkdir. Eyni zamanda, Azərbaycan xalqının növbəti etimadını qazanmaq üçün xalqın maraqlarını ifadə etməkdir. Müxalifətin isə funksiyası yürüdülən siyasətə opponentlik etməkdir. Arzu edirik ki, bu opponentlik də hər zaman sivil formada, eləcə də qanunlar çərçivəsində həyata keçsin. Bəzən təəssüf ki, müxalifətçilərin də xarakterləri fərqli olur. Onların da konstruktivi və qeyri-konstruktivi olur.
Hər müxalifət və partiya da öz liderinin xarakterinə uyğun olaraq siyasi fəaliyyət nümayiş etdirir. Müxalifət tənqid edir və etməlidir. Çünki bu, onun funksiyasıdır. Biz isə xalqın iradəsini soruşmaq istəyirik. Bu referendum təşəbbüsü də xalqın iradəsinə söykənir. Əgər onlar bizi dəstəkləyəcəklərsə deməli Prezident İlham Əliyevin təşəbbüsləri yaşamağa layiqdir və Azərbaycan xalqının dəstəyini o qazanıb. Yox dəstəkləməyəcəklərsə, o zaman müxalifət dedikləri daha doğru və haqlıdır".