Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında 14 seçki dairəsi üzrə 26 seçki məntəqəsi yaradılıb. Trend-in məlumatına görə, bunu Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov deyib. Qurum rəsmisi bildirib ki, artıq müəssisələrdə səsvermə başlayıb. Qeyd edək ki, iyulun 18-də Azərbaycan Prezidenti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsi rəhbər tutularaq, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi Konstitusiya Məhkəməsinə rəy verilməsi üçün təqdim edilmişdi. Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postlarının yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur.