Azərbaycanın yük daşımaları ilə məşğul olan “Silk Way West Airlines” şirkəti ABŞ-ın ən böyük nəqliyyat qovşağı olan Çikaqo şəhəri (İllinoys ştatı) arasında birbaşa hava əlaqəsi yaradıb.
Bu barədə "Report"a Şirkətdən bildirilib.
Məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanından O'Hare Beynəlxalq Hava Limanına ilk reys sentyabrın 18-də yerinə yetirilib.
Bu ilin oktyabr ayından başlayaraq isə şirkətin bu marşrut üzrə müntəzəm transatlantik uçuşları həftədə iki dəfə olmaqla ən müasir yük təyyarələrindən biri “Boeing 747-8F Freighter” təyyarəsi ilə yerinə yetirəcək.
Aviaşirkət ABŞ-ın yük daşımaları bazarında mövqeyini daha da gücləndirmək istəyir.
Xatırladaq ki, bu il aprelin 6-da Azərbaycan və ABŞ hökumətləri arasında hava daşımaları bazarının liberallaşdırılmasına imkan verən “Open Skies” hava nəqliyyatı haqqında saziş imzalanıb.