Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində Əfqanıstanın xarici işlər naziri Səlahəddin Rəbbani ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan və Əfqanıstan arasında ikitərəfli münasibətlərin inkişafı və gələcək əməkdaşlıq perspektivləri, terrorizmə qarşı mübarizə və digər qarşılqlı maraq kəsb edən məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
E.Məmmədyarov iki ölkə arasında siyasi münasibətlərin yüksək inkişaf səviyyəsinə malik olduğunu qeyd edərək, birgə səylərlə müxtəlif sahələrdə, xüsusilə iqtisadi-ticarət və investisiya qoyuluşu sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi zərurətini vurğulayıb. Nazir rəsmi Bakının təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələrinə toxunaraq, sözügedən layihələrin regional əməkdaşlığa xidmət etdiyini və gələcək perspektivdə Əfqanıstanın da onların imkanlarından istifadə edə biləcəyini diqqətə çatdırıb.
Nazir Səlahəddin Rəbbani iki ölkə arasındakı hərtərəfli əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edərək, Azərbaycanın ikitərəfli və çoxtərəfli əsasda Əfqanıstana göstərdiyi dəstəyin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.