Elmira Axundova Masallıda məktəblərin açılışında iştirak edib, görüşlər keçirib - FOTO

00:49 - 15 Sentyabr 2016 - ÖLKƏ İÇİ

Milli Məclisin deputatı Elmira Axundova öz dairəsində silsilə görüş və qəbullara start verib. O, sentyabrın 14-də Masallı rayonunun Çayqıraq ümumi orta məktəbinin açılışında iştirak edib və seçicilərlə görüşüb. Bir neçə ildir ki, deputat xanım tərəfindən müxtəlif dövlət strukturlarına, Nazirlər Kabinetinə Çayqıraq kənd məktəbinin qəzalı vəziyyətdə olması barədə müraciətlər ünvanlanıb. Maliyyə çətinliklərinə baxmayaraq bu müraciətlər və icra başçısının xüsusi səyləri nəticəsində Çayqıraq məktəbini ən müasir səviyyədə istifadəyə vermək mümkün olub. Eyni müraciət və xahişlər Qızılavar inzibati ərazi dairəsində yerləşən Dəlləkoba məktəbi barəsində də edilib. Sentyabrın 15-də bu yeni məktəb də öz qapılarını şagirdlərin üzünə açdı. Öz çıxışlarında deputat bu diqqət və qayğıya görə ölkə başçısına xüsusi minnətdarlığını bildirib. 

Daha sonra Elmira Axundova Öncəqala kəndində seçicilərlə görüş keçirib. Görüşdə ətraf kəndlərin yüzlərlə sakini iştirak edib. Deputat çıxışının əvvəlində özünün 2016-cı il sentyabr ayına qədər olan fəaliyyəti barədə seçicilərə geniş məlumat verib.
2016-cı ildə bir sıra dövlət qurumlarına ünvanladığı müxtəlif xarakterli təklifləri seçicilərin diqqətinə çatdırıb, nəticələri barədə danışıb. Qeyd edib ki, bəzi məsələlər üzrə artıq müsbət qərarlar qəbul edilib.
Bütün bunlarla yanaşı Milli Məclisin Plenar və komitə iclaslarında da deputatın aktiv fəaliyyəti cari ildə də davam edib. Bu fəaliyyət haqqında fikir mübadiləsi aparıldı.
Deputatın bir sıra təklif və çıxışları xüsusi maraq doğurdu. Məsələn, heyvandarlıqla məşğul olan fermerlərin qış dövründə dövlət tərəfindən ucuz yemlə təmin edilməsi, kənd təsərrüfatı ilə məşğul olanların iri təsərrüfata sahib olmalarına baxmayaraq bəzən kredit ala bilməməsi, məhkəmənin təyin etdiyi cərimələri və alimentləri ödəməyənlərin müxtəlif lisenziyalarının geri alınması, ya da sürücülük hüququndan məhrum edilməsi, uşaq və yeniyetmələrin beyinlərini korlayan zərərli saytlara provayderlər tərəfindən qadağa qoyulması, insan alveri və insan istismarına qarşı mübarizənin sərtləşdirilməsi, təhlükəsizlik tədbirləri çərçivəsində bütün muzey və teatrların, habelə iri ticarət mərkəzlərinin, ali məktəblərin girişlərində metalaxtaran qurğuların yerləşdirilməsinin vacibliyi, ünvanlı sosial yardımın verilmə kriteriyalarının dəyişdirilməsi, ictimai xidmət yerlərində, yəni restoran, şadlıq sarayları, kafe və uşaq bağçalarının mətbəxlərində sanitar-gigiyenik vəziyyətin yaxşılaşdırılması, sağlamlıq imkanları məhdud uşaqlara verilən müavinətin məbləğinin artırılması, əlil arabaları üçün pandus və digər keçidlərin quraşdırılması və s. Elmira Axundova qeyd edib: “Bütün bu məsələlər əlbəttə birdən-birə həll olunan deyil, lakin vacib olan odur ki, biz deputatlar onları gündəmə gətirək, cəmiyyətin müzakirəsinə təqdim edək və yekunda problemin aradan qaldırılmasına nail olaq”.
Daha sonra isə millət vəkili sakinlərə 2016-cı il sentyabrın 26-da keçiriləcək referendumla bağlı ətraflı məlumat verərək təklif olunan dəyişiliklərlə bağlı geniş fikir mübadiləsi apardı. Sonda millət vəkili bunu vurğuladı: “Ümumiyyətlə inanıram ki, xalqımız referenduma çıxarılan dəyişiklikləri düzgün başa düşəcək, prezident tərəfindən edilən təklifləri dəstəkləyəcək və onlara səs verməklə dövlətçiliyimizi möhkəmləndirəcək, uzunmüddətli sürən sabitliyi uğurla qoruyacaqdır. Öz vətənini, dövlətini sevən insan referenduma getməli və prezidentimizə dəstək olmalıdır”. 

 

Elmin


Xəbər xətti