ABŞ Federal Ehtiyat Sistemi (FES) Direktorlar Şurasının sədr köməkçisi Stenli Fişer ölkəsinin iqtisadi vəziyyətinin Mərkəzi Bankın hədəflərinə yaxın olduğunu, iqtisadi artımın getdikcə daha da sürətlənəcəyini və bu il bir dəfə faiz artırmaq ehtimalının hələ də qüvvədə olduğunu bildirib. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, Kolorado ştatında Aspen İnstitutunda çıxış edən S.Fişer ÜDM-dəki artımın növbəti rüblərdə investisiyaların həcmində azalmanın bitməsi və dolların bir qədər zəifləməsi ilə sürətlənəcəyini ehtimal edir.
S.Fişerin çıxışı FES rəhbəri Canet Yellenin avqustun 26-da Kanzas Citidə FES-in dəvəti ilə "Jackson Hole Wyoming"də keçiriləcəl illik simpozium çərçivəsində çıxışı ərəfəsində baş tutması investorların faizlərin sentyabrda artırılmasına dair ehtimallarını artırıb. Nəticədə, MSCİ - inkişaf etməkdə olan bazarlar indeksi 0,7% azalıb, Asiya birja indekslərinin əksəriyyəti bu gün düşüb.
"Cornerstone Macro LLC."-nin sahibi və əvvəllər FES iqtisadçısı olan Roberto Perli C.Yellenin "Jackson Hole"də faizlərlə əlaqədar bir siqnal verməyəcəyini düşünür: "Yellen, Fişer kimi iqtisadiyyatın müsbət istiqamətdə inkişafına dair bəyənatlar verəcək".
Kuala-Lumpurda yerləşən "Areca Capital" investisiya şirkətinin icraçı direktoru Danni Vonq Tek Menq isə C.Yellenin yaxın perspektivdə faizləri artıracağını gözləyir: "Bu, maliyyə bazarlarının daha əmin şəkildə hərəkət etməsinə səbəb olacaq".
"Report"un analitik qrupu hesab edir ki, FES, ABŞ-da keçiriləcək prezident seçkilərindən əvvəlki iclasda, yəni sentyabr ayında faizləri artırmaq istəyəcək: "Çünki prezident seçkilərinin nəticələri hazırda qeyri-müəyyən görünür. Məhz bu səsəbdən FES öz qərarını seçkidən sonrakı dövrə saxlamaq istəməyəcək. Faizlərin artırılması ilə dolların yenidən güclənəcəyi və avro ilə müqayisədə 1,05 USD/EUR səviyyəsinə yaxınlaşması gözlənilir".