İyulun 20-25-dən sonra Azərbaycana tropik quru isti hava kütləsinin gələcəyi - quru, isti, tozlu küləklərin əsəcəyi gözlənilir.
Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.
Onun sözlərinə görə, iyulun 20-25-dən avqustun 15-dək olan dövr ərzində Azərbaycanda havanın quraq, yağıntısız keçəcəyi gözlənilir.
M.Həsənov qeyd edib ki, iyulun 20-25-dən sonra atmosfer təzyiqinin fərqindən asılı olaraq, Azərbaycana ya Orta Asiyadan quru isti, ya da Şimali Afrikadan və Ərəbistan yarımadasından tropik quru isti hava kütləsi gələcək:
“Bu hava kütlələrinin fərqləndirici cəhəti yalnız küləyin istiqamətində olur. Şimali Afrikadan və Ərəbistandan əsəndə külək cənub küləyi, Orta Asiyadan əsəndə isə şərq küləyi adlanır. Cənubdan gələn tropik hava kütləsi daha isti, quru və tozlu olur. Azərbaycana isə daha çox cənubdan hava kütlələrinin gələcəyi gözlənilir. Buna görə də Azərbaycanda cənub küləklərinin (gilavar) təkrarlanması ehtimalı daha çoxdur”.
M.Həsənov deyib ki, Azərbaycanda yay ayları ərzində cənub küləkləri həmişə müşahidə edilir. Yay fəslinin əksər vaxtlarında cənub küləkləri əsir. Lakin bu il cənub küləklərinin iyulun 20-25-dən avqustun 15-dək olan dövr ərzində daha intensiv əsəcəyi gözlənilir:
“Bu il hələ iyun ayı başa çatmasa da, artıq 37-38 dərəcə isti müşahidə edilir. Hadisələrin gedişatı göstərir ki, eyni zamanda ehtimallar da belədir ki, iyul ayının təqribən 20-dən sonra Azərbaycanda hava daha isti olacaq. Həmin hava kütlələrinin də məhz bu dövrdə Azərbaycana gəlməsi ehtimalı daha çox olacaq. Belə hava kütlələri həmişə müşahidə edilib. Ancaq bu il onların daha intensiv olacağı, həmin küləklərin təkrarlanması ehtimalının da daha çox olacağı gözlənilir”.
M.Həsənov əlavə edib ki, builki quraqlıq dövrü təqribən keçənilki kimi olacaq. Müəyyən günlərdə 40 dərəcə istinin müşahidə ediləcəyi gözlənilir. Lakin builki quraqlığın fərqli cəhəti o olacaq ki, isti quru küləklər torpağın da rütubətini xeyli azaldacaq.
Alim qeyd edib ki, belə hava şəraitinin isti küləklərlə müşahidə olunması kənd təsərrüfatına, xüsusilə birillik bitkilərə daha çox mənfi təsir edə bilər.