Bu gün Nobel Sülh mükafatı laureatı Məhəmməd Yunus Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində nazir Səlim Müslümovla görüşüb. Görüşdə BAMF sədri Umud Mirzəyev və ƏƏSMN-nin digər yüksək çinli rəhbərləri iştirak edib. Görüşü giriş sözü ilə açan Səlim Müslümov bildirib ki, müsəlman ölkəsindən bir şəxsin Nobel mükafatı qazanması çox fərəhlidir. Proffessor Yunusun fəaliyyəti bütün digər müsəlman ölkələri üçün də yaxşı nümunədir. Azərbaycanın son illər əldə etdiyi nailiyyətlər barədə danışan cənab Müslümov bildirdi ki, yoxsulluğun səviyyəsi son 10 il ərzində 47-49 % -dən 5,5 %-dək enib. Minimum əmək haqqı bu illər ərzində 5,5 manatdan 105 manatadək artıb. Pensiyalar 10 % artıb , işsizliyin səviyyəsi isə xeyli aşağı düşüb. Azərbaycanda sosial sahədə görülən işlərin miqyasının çox yüksək olduğunu ali qonağa xatırladan cənab Müslümov ölkədə bu sahədə bütün ödənişlərin avtomatlaşdırıldığını , sosial müavinətlərin ödənilməsi sahəsində artıq uzun müddətdir plastik kartlardan istifadə olunduğu dedi. Dövlət üçün xüsusilə gənclərin işlə təminatının prioritet məsələ olduğunu deyən nazir son 12 ildə ümumilikdə 1 milyondan çox iş yerinin açıldığını qonağının diqqətinə çatdırdı. Azərbaycan hökümətinin sosial sahəyə böyük miqdarda vəsait investisiya etdiyini deyən S. Müslümov bu illər ərzində 3300 məktəb , 500-dən çox xəstəxana və digər sosial xidmət sahələrinin istifadəyə verildiyini bildirdi. Amma son dövrdə dünyada müşahidə olunan iqtisadi böhran Azərbaycanın da gəlirlərinə ciddi təsir edib. Üstəlik neftin qiymətinin düşməsi ilə dövlət büdcəsinin gəlirləri və xərcləri daha da optimallaşdırılb. Bank sektorunda islahatlar aparılıb və biznesin təşviqi istiqamətində dövlət başçısı tərəfindən bir sıra vacib sərəncam və fərmanlar imzalanıb. Səlim Müslümov xüsusilə qeyd etdi ki, məhz indiki situasiyada sosial-iqtisadi sahədə islahatların aparılmasında Məhəmməd Yunusun ideyalarından istifadə edilə bilər. Nazirin bu sözlərinə təşəkkürünü bildirən cənab Yunus bəyan etdi ki, insanlar hökümətdən asılı olmaq prosedurunu birdəfəlik unutmalıdırlar. Bankların qapısı hər kəsin üzünə açılmalıdır. O bu sahədə yaratdığı “Gramen” bankın təcrübəsi haqqında geniş məlumat verdi və təkliflər irəli sürdü. Banqladeşin timsalında misallar göstərən cənab Yunus insanların, xüsusilə qadınların kiçik kreditlər vasitəsilə həvəsləndirildiyini və öz kiçik biznesini yaratmağa təşviq olunduğunu xatırlatdı. Təsadüfi deyil ki , hazırda Gramen bankın 7,5 milyon müştərisi var. Təkcə ABŞ-da bu bankın 18 filialı var. Sonda Professor Yunus bildirdi ki, insanları öz maliyyə dayanıqlılığını təmin etmək üçün inandırmaq və onlara yardım etmək lazımdır. Bu görüşün baş tutmasını alqışlayan BAMF sədri Umud Mirzəyev öz növbəsində bəyan etdi ki, yaxın vaxtlarda BAMF-ın İqtisad Universiteti ilə birgə təşəbbüsü ilə bu ali ocaqda Yunus mərkəzi fəaliyyətə başlayacaq . Gələcəkdə isə BAMF-ın Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi ilə birgə Bakıda Qlobal Sosial Biznes sammitinin keçirilməsi realdır. Bu təşəbbüsü dəstəkləyən nazir Səlim Müslümov bu sahədə həm BAMF , həm də Yunus mərkəzi ilə yaxından əməkdaşlıq edəcəklərini bəyan etdi. Sonda, Azərbaycana dəvət etdiyinə görə BAMF sədri Umud Mirzəyevə minnətdarlığını bildirən Məhəmməd Yunus , BAMF-ın Azərbaycan dilinə tərcümə elətdirdiyi “Kasıbların bankiri” kitabını imzalayaraq , nazirə təqdim etdi , BAMF-ın sədri və naziri iyul ayında Banqladeşin Dəkkə şəhərində keçiriləcək Dünya Sosial Biznes Günü tədbirinə dəvət etdi.
Emin