Aqoli: ""Qarabağ"ı təmsil etməkdən qürur duyuram"

11:30 - 17 İyun 2016 - İDMAN

“Fransa ilə matçda son dəqiqədə gələn qollar bizi sarsıtdı. Qarşımızda dünyanın ən güclü komandalarından biri olsa da, onlarla başabaş mübarizə apardıq. Bizim üçün yeni təcrübə oldu”. Apasport.az saytının məlumatına görə, bunu Albaniya yığmasının müdafiəçisi Ansi Aqolli deyib.Avropa çempionatının A qrupunda İsveçrədən (0:1) sonra Fransaya da (0:2) məğlub olan albanlar hələ də növbəti mərhələ şanslarını qoruyurlar. Bunun üçün komanda son turda Rumıniya üzərində qələbə qazanmalıdı.
Türkiyə mətbuatına açıqlama verən “Qarabağ”ın təcrübəli futbolçusu növbəti mərhələ şanslarının qaldığını düşünür. O, Ağdam klubu barədə danışmağı da unutmayıb: “Fransaya dincəlməyə gəlməmişik. Rumıniya üzərində qələbə qazanacağımız təqdirdə turnirdə mübarizəni davam etdirmək şansımız yarana bilər. Bura gələn futbolçuların çoxu böyük klubları və çempionatları təmsil edirlər. Mən isə Avropa çempionatında Azərbaycan klubu “Qarabağ”ı təmsil etməkdən qürur duyuram”.
Aqolli D qrupunda mübarizə aparan Türkiyə yığmasını dəstəklədiyini də əlavə edib: “Türkiyənin Xorvatiya ilə oyununu izlədim. Əslində, komandanız pis oynamadı. Qola qədər bərabər səviyyəli mübarizə getdi, Türkiyə yığmasının şansları var idi. Amma Xorvatiya da dünyanın ən güclü futbolçularından qurulmuş bir komandadı. Onlara yenilmək dünyanın sonu deyil. Türkiyə qrupunda layiq olduğu yerə yüksələcək”.
Qeyd edək ki, Albaniya – Rumıniya oyunu iyunun 19-da keçiriləcək.

Xəbər xətti