Azərbaycanda daha bir neçə marşrut avtobuslarının istiqaməti üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib.
Bu barədə Ucnoqta.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Bildirilib ki, Gəncə-Qazax və Qazax-Gəncə, Şəmkir – Gəncə, Gəncə – Goranboy və Goranboy – Gəncə, Zəyəm Cırdaxan (Şəmkir) – Gəncə (avtovağzal), Könüllü (Şəmkir) – Gəncə (avtovağzal), Qovlarsarı (Samux) – Gəncə (dəmiryol vağzalı) və Qarabağlar (Samux) – Gəncə (dəmiryol vağzalı) avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
Gəncə – Qazax və Qovlarsarı (Samux) – Gəncə (dəmiryol vağzalı) marşrutları üzrə fiziki şəxs Əsgərov Taleh Qafar oğlu, Qazax – Gəncə marşrutu üzrə fiziki şəxs Mirzəyev Xəyal Vəli oğlu, Şəmkir – Gəncə və Könüllü (Şəmkir) – Gəncə (avtovağzal) marşrutları üzrə hüquqi şəxs "Şəmkir-Sərnişinnəqliyyat" ASC, Gəncə – Goranboy, Goranboy – Gəncə, Zəyəm Cırdaxan (Şəmkir) – Gəncə (avtovağzal) və Qarabağlar (Samux) – Gəncə (dəmiryol vağzalı) marşrutları üzrə hüquqi şəxs "Simurq-Avto" MMC qalib elan olunublar.
Qeyd edək ki, müsabiqələrin nəticəsinə əsasən, Gəncə – Qazax, Qazax – Gəncə və Şəmkir – Gəncə istiqamətləri üzrə istismar ediləcək avtobuslar 2025-ci il istehsalı olan müasir nəqliyyat vasitələridir.
Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur.