İyunun 17-də Bakıda keçiriləcək Formula 1 üzrə Avropa Qran-prisi günü müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Bakıda və Abşeron yarımadasında iyunun 17-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir.Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu Bakıda gecə 17-21, gündüz 25-30 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında iyunun 17-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 16-21, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, Formula 1 yarışının keçiriləcəyi günə olan hava proqnozu haqqında məlumat iyunun 16-da tam dəqiqləşəcək.