Dünya bazarında "Brent" markalı neftin qiyməti 52 dollar/barel həddini keçib. "Report" xəbər verir ki, buna səbəb Amerika Neft İnstitutu (API) tərəfindən açıqlanan həftəlik xam neft ehtiyatlarının 3 560 min barel azalması xəbəri olub. Qeyd edək ki, yay mövsümünün gəlməsi ilə tətilə çıxan insanların sayının artması nəticəsində benzinə tələbatın yüksəlməsi və Nigeriyada yenidən silahlıların neft infrastrukturuna zərər yetirməsi xəbərləri neftin qiymətinin yüksəlməsinə əsas səbəblər kimi göstərilir.
"Brent" markalı neft ən son 2015-ci ilin oktyabrın 12-də 52 dollar/bareldən baha satılıb. Daha sonra qlobal maliyyə böhranı fonunda enişə keçən neft qiymətləri 2016-cı il yanvarın 20-də 27,10 dollar/barelə çataraq son illərin minimal səviyyəsinə enib. Hazırda neft qiymətləri minimal səviyyəyə nisbətən 92% yüksəlib.
Xatırladaq ki, "Brent"in qiymətinin tarixi maksimal səviyyəsi 2008-ci ilin iyulunda 147,50 dollar/barel təşkil edib. Hazırda "Brent" bu səviyyədən 65% aşağı düşüb. "Report"un analitik qrupu "Brent" markalı neft qiymətinin 55 dollar/barelə qədər yüksələcəyini ehtimal edir.