"Heç kimə sirr deyil ki, indi nikaha daxil olan cütlüklərin heç də hamısı yaxın vaxtlarda valideyn olmağı planlamır". "Report"un xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin tabeliyində xidmət göstərən Ailə Planlanması Məsləhətxanasının baş həkimi Sitarə Haqverdiyeva deyib.
Baş həkim bildirib ki, belə cütlüklərə mütəxəssislə məsləhətləşib (ginekoloq və uroloq) uyğun kontrasepsiya üsulu seçmək lazımdır: "Reklamdan, tanışların tövsiyəsi ilə tibbi preparatın və ya kontrasepsiya üsulunun seçilməsi doğru deyil. Yalnız mütəxəssis düzgün kontrasepsiya üsulu seçər və hamiləliyin planlanmasına dair məsləhət verə bilər".
Onun sözərinə görə, yeni evlənənlərdə "gəlinlərin xəstəliyi" - bal ayı sistiti və uretrit müşahidə olunur: "Əgər cütlük nikahdan əvvəl mütəxəssisdən məsləhət alırsa, bu xəstəliyin başvermə ehtimalı azalır. Ailə qurmaq qərarı hər bir insanın, hər bir cütlüyün həyatında vacib mərhələdir. Hamiləliyə və doğuşa nikahdan əvvəl hazırlaşmaq çox önəmlidir. Hamiləliyə gənc orqanizmin bir ön hazırlıq mərhələsi olmalıdır. Hamilə qadına zərərli faktorların təsirini azaldan (məsələn, dölə embriotoksik təsir göstərən kompüterin monitorunun şüalanması) xüsusi vitaminlərin qəbulu vacibdir".
Baş həkim vurğulayıb ki, kişilər çox vaxt infeksiyanın daşıyıcısı olduqları üçün onların da mütəxəssislə konsultasiyası vacibdir: "Qadının hamiləliyə hazırlığı dövründə kişi sağlam həyat tərzi sürməli, vitaminlər qəbul etməlidir. Statistikaya əsasən, Azərbaycanda indi də qohum nikahlar kifayət qədər çoxdur. Belə nikahlar anadangəlmə fiziki anomaliyalı və talassemiya, hemofiliya, fenilketonuriya kimi genetik xəstəlikli uşaqların doğulma riskini artırır. Elə uşaqların müalicəsi çox mürəkkəb, uzunmüddətli, bəzən isə hətta nəticəsiz prosesdir. Ümumiyyətlə, bu, bir faktdır ki, genetik xəstəliklər müalicə olunmur, bu zaman uşağın həyatı çətinləşir, valideynlərin mənəvi və sosial yaşamı işgəncəyə çevrilir".