Sabirabad rayonunun ümumi təhsil məktəblərində təhsil alan IX sinif şagirdlərinin 2025–2026-cı tədris ili üzrə buraxılış imtahanlarının nəticələrinə həsr olunmuş müzakirə keçirilib.
Ucnoqta.az xəbər verir ki, tədbirdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli, Sabirabad rayonu üzrə təhsil sektorunun müdiri Mircamal Həşimov, rayonunun bir qrup ümumi təhsil məktəbinin direktorları, eləcə də tədris dili, riyaziyyat və xarici dil müəllimləri iştirak ediblər.
Görüşün əsas məqsədi IX sinif buraxılış imtahanlarının nəticələrinin ətraflı təhlil edilməsi, əldə olunan göstəricilərin qiymətləndirilməsi və tədrisin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində görüləcək işlərin müəyyənləşdirilməsi olub.
Müzakirələr zamanı imtahan nəticələri fənlər üzrə təhlil olunub, məktəblərin göstəriciləri müqayisə edilib, uğurlu nəticələr əldə edən təhsil müəssisələrinin təcrübələri diqqətə çatdırılıb. Eyni zamanda nəticələrə təsir edən amillər, şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində mövcud vəziyyət, eləcə də tədris prosesində qarşıya çıxan çətinliklər ətrafında fikir mübadiləsi aparılıb.
Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili çıxışında təhsil müəssisələrinin fəaliyyətində nəticəyönümlü yanaşmanın vacibliyini vurğulayaraq, şagird nailiyyətlərinin artırılması üçün məktəb rəhbərləri və müəllimlərin üzərinə düşən məsuliyyətdən danışıb. O, buraxılış imtahanlarının nəticələrinin təhsil prosesinin qiymətləndirilməsində mühüm göstəricilərdən biri olduğunu qeyd edib və gələcək dövrdə daha yüksək nəticələrin əldə olunması istiqamətində sistemli fəaliyyətin davam etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Tədbirin sonunda iştirakçıların rəy və təklifləri dinlənilib, növbəti tədris ilində nəticələrin daha da yaxşılaşdırılması məqsədilə görüləcək tədbirlər və fəaliyyət istiqamətləri müəyyənləşdirilib.