İsrailli nazirin "Sumud" donanmasında Fələstin tərəfdarı fəalların təhqir olunmasını göstərən videonu yayımlaması səbəbindən İsrailin Fransadakı səfiri Coşua Zarka Xarici İşlər Nazirliyinə çağırılacaq.
Ucnoqta.az xəbər verir ki, Fransa xarici işlər naziri Jan-Noel Barro bunu bildirib.
Qeyd olunur ki, Ben-Qvirin Sumud donanmasının iştirakçılarına qarşı davranışı qəbuledilməzdir və bu, hətta İsrail hökumətindəki həmkarları tərəfindən də pislənilib.
"Mənim əmrimlə Fransadakı İsrail səfiri qəzəbimizi bildirmək və izahat tələb etmək üçün Xarici İşlər Nazirliyinə çağırılıb", - deyə Fransa diplomatiyasının rəhbəri Telegram kanalında yazıb.
O əlavə edib ki, Parisin fəalların təşəbbüsünü rəsmi şəkildə rədd etməsinə baxmayaraq, Fransa hakimiyyəti yenə də həmvətənlərinin təhlükəsizliyinə qayğı göstərir. "Onlara hörmətlə yanaşmalı və mümkün qədər tez azad edilməlidir", - Barro vurğulayıb.