Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ictimai nəqliyyatda islahat aparmaq məqsədilə yaradılsa da, bu sahədə irəliləyiş olmadı. İstər ictimai nəqliyyat istərsə də taksi xidmətində vəziyyət ürəkaçan deyil. Belə ki, Binə qəsəbə sakinləri ictimai nəqliyyatdan vaxtaşırı narazılıq edirlər. Sakinlərin bildirdiyinə görə, 340 nömrəli müntəzəm marşrut avtobusları gecikmə ilə hərəkət edir, daşıyıcı şirkət isə pik saatlarda xəttə az sayda avtobus buraxır. Bu isə sərnişinlərin - tələbə və şagirdlərin iş və məktəbə gecikməsinə səbəb olur.
Ucnoqta.az sərnişinlərin bu iddiasını araşdırıb. Qeyd edək ki, 340 saylı müntəzəm marşrut “Çinar-Trans” MMC daşıyıcı şirkətinə aiddir. Bu şirkət həmçinin 160 nömrəli Koroğlu-Binə və 190 nömrəli Binə qəsəbəsi daxilində fəaliyyət göstərən avtobuslarda sərnişinlərə daşıma xidməti göstərir. 160 nömrəli avtobusda gedişhaqqı 0.70 qəpik, 190 nömrəli avtobusda 0.50 qəpik, 340 nömrəli avtobusda isə 0.55 qəpikdir. Araşdırmamız zamanı sərnişinlərin iddiasını doğru olduğu məlum oldu. Belə ki, səhər saatlarında cəmi 3 ədəd 340 nömrəli avtobus xəttə buraxılmışdı. Daha sonra isə bu say 5-ə çatdırıldı.
Xatırladaq ki, AYNA bu istiqamətdə 10 ortatutumlu avtobusun 10 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcəyi ilə bağlı məlumat yaymışdı.
Sərnişinlər iddia edir ki, “Çinar-Trans” MMC xəttə daha az sayda 340 saylı avtobus buraxmaqla gedişhaqqı 0.70 qəpik olan 160 nömrəli avtobusdan istifadəyə məcbur edilirlər. Bu isə onlara gedəcəkləri ünvana çatmaq üçün bir neçə avtobusdan istifadəyə, əlavə vaxt və pul itkisinə səbəb olur.
Məsələnin araşdırılması üçün AYNA-nın qaynar xəttinə müraciət etdik. Qaynar xətdən səhər saatlarında cəmi 5 avtobusun xəttə olduğu məlumatı verildi. Müraciətin araşdırılıb 15 gün ərzində cavab veriləcəyi qeyd olundu.