Tramp iclas keçirəcək - İrana qarşı əməliyyat müzakirə olunacaq

10:18 - 12 Yanvar 2026 - DÜNYA

ABŞ prezidenti Donald Tramp 13 yanvarda hərbi hücumlar, kiberhücumlar və yeni sanksiyalar da daxil olmaqla, İrana qarşı mümkün tədbirləri müzakirə etmək üçün kabinet iclası keçirəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, dövlət katibi Marko Rubio, Pentaqon katibi Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn görüşə dəvət olunublar.

Onların Trampa İrandakı iğtişaşlara cavab vermək üçün variantları, o cümlədən ölkədəki hədəflərə zərbə endirmək imkanı təqdim etmələri gözlənilir.
WSJ qeyd edir ki, Pentaqon hələlik potensial zərbələrə hazırlıq məqsədilə İran sərhədlərinə əlavə qüvvələr yerləşdirməyib.

Mənbələrin məlumatına görə, ABŞ həmçinin İslam Respublikasındakı mülki və hərbi hədəflərə kiberhücumlar, İrana qarşı əlavə sanksiyalar tətbiq etmək və ölkədə internetin bağlanması səbəbindən etirazçılar arasında rabitəni qorumaq üçün Starlink terminallarının yerləşdirilməsini nəzərdən keçirir.

Qəzetin qeyd etdiyi kimi, qarşıdan gələn görüş ABŞ administrasiyasının rəsmiləri arasında İranla bağlı mümkün tədbirləri müzakirə etmək üçün ilk rəsmi görüş olacaq.

Xəbər xətti