Quba xəstəxanasının mindən çox işçisindən ETİRAZ

11:50 - 10 Dekabr 2025 - Xəbər

Quba Rayon Mərkəzi Xəstəxanasında işçilər arasında narazılıq yaranıb.

Buna səbəb baş mühasibin işdən azad edilməsindən sonra 1400-ə yaxın əməkdaşın hələ də əməkhaqqını ala bilməməsidir.

Ucnoqta.az xəbər verir ki, bu hal baş mühasib Elşən Babayevin işdən azad edilməsindən sonra baş verib. İddialara əsasən, o, külli miqdarda vəsaiti mənimsəməkdə şübhəli bilinir.

İşçilər bildirirlər ki, adətən əməkhaqları ayın 1-i ilə 5-i arasında köçürülürdü. Lakin artıq ayın 10-u olmasına baxmayaraq, maaşlar ödənilməyib:

“Belə iş olar? Banklara kredit borcumuz var, gecikməyə düşür. Ayın bitməsinə 20 gün qalıb. Bayram qabağı bazarlıq eləmək də mümkün deyil”, – deyə işçilər bildirib.

Baş mühasibin vəzifədən uzaqlaşdırılmasından sonra onun işi müvəqqəti olaraq başqa işçiyə həvalə edilib. Lakin iddialara görə, həmin şəxs bu sahədə kifayət qədər təcrübəyə malik deyil və bu da gecikmələrin əsas səbəblərindən biri hesab olunur.

Xəstəxana rəhbərliyi isə işçilərə maaşların yaxın günlərdə ödəniləcəyini bildirərək səbirli olmağı tövsiyə edib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.///Shimal.News

Xəbər xətti