Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində fəaliyyət göstərən “Yasamal” bazarına və “İnşaatçılar” metrostansiyası ətrafında qanunsuz həyata keçirilən küçə satışı yerlərinə baxış keçirib.
Agentlikdən verilən məlumata görə, baxış zamanı bazarda yumurta, süd və süd məhsullarının baytarlıq ekspertizasından keçirilmədən satışa çıxarıldığı və açıq şəraitdə, soyuducudan kənarda temperatur rejiminə əməl olunmadan saxlanıldığı müəyyən edilib. Həmçinin ev üsulu ilə hazırlanmış və etiket məlumatları qeyd edilməyən müxtəlif növ turşular aşkarlanıb. Nöqsanların aradan qaldırılması barədə icrası məcburi göstərişlər verilib.
Qeyd edək ki, bazar rəhbərləri qida məhsullarının satışını təhlükəsiz şəkildə təmin etməlidirlər. Bunun üçün bazarda müvafiq şərait qurulmalıdır.
“İnşaatçılar” metrostansiyasının yaxınlığında qanunsuz küçə satışı piştaxtalarında yüksək riskli qida məhsullarının (balıq, toyuq, turşu, kərə yağı, süd və süd məhsulları) antisanitar şəraitdə, temperatur rejiminə və saxlanma qaydasına əməl edilmədən satışa çıxarıldığı, eləcə də müvafiq baytarlıq sənədlərinin olmadığı müəyyən edilib. Satıcılarla maarifləndirici söhbət aparılıb, qanunun tələbləri izah olunub. Qeyd edilib ki, yüksək riskli qida məhsullarının natəmiz şəraitdə küçədə, yol kənarında satışı insan həyat və sağlamlığı üçün təhlükə törədir. Mənşəyi məlum olmayan, təhlükəsizlik göstəriciləri şübhə doğuran bu cür məhsulların istehlakı tövsiyə olunmur.
Agentlik qanunsuz küçə ticarətinin qarşısının alınması üçün aidiyyəti qurumlara müraciət edir. Bu cür tədbirlər digər ünvanlarda da həyata keçiriləcək.