1 yanvar 2019-cu il ilə müqayisədə 1 noyabr 2025-ci il tarixinə ölkədə aktiv vergi ödəyicilərinin sayı 2 dəfə artaraq 845 mini ötüb.
Ucnoqta.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, qeyri-neft-qaz özəl sektorda əmək haqlarının tədricən, mərhələli şəkildə vergiyə cəlb edilməsinə dair təklif verilmişdir. Belə ki, 2500 manatadək əmək haqları 2028-ci ildə hətta 7% dərəcə ilə vergiyə cəlb olunsa belə, bu güzəştin tamamilə ləğv olunduğu təqdirdə tətbiq olunmalı 14% dərəcə ilə müqayisədə yenə də iki dəfə aşağıdır.
“İqtisadi artıma və biznesə vergi siyasətinin dəstəyi kifayət qədər yüksəkdir. Ələt İqtisadi Zonası, işğaldan azad olunmuş ərazilər, sənaye və texnologiya parkları, dövlət-özəl tərəfdaşlığı layihələri, kənd təsərrüfatı sektoru və s. bu kimi istiqamətlərdə çoxsaylı vergi güzəştləri qüvvədədir" - nazir qeyd edib.