Azərbaycanda beyin ölümü keçirmiş şəxsin donor olaraq bağışlanan böyrəklərindən biri uzun illər dializ müalicəsi alan və orqan gözləyən İsrafil Məmmədova tam uyğun gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin operativ fəaliyyəti nəticəsində məlumat dərhal transplantasiya komandasına ötürülüb. Mərkəzi Klinikanın Transplantasiya şöbəsində transplantoloq-cərrah Tariyel Nadirovun rəhbərlik etdiyi cərrah və nefroloqlardan ibarət komanda yüksək peşəkarlıqla çalışaraq donor böyrəyini uğurla köçürüb.
Əməliyyatdan cəmi bir həftə sonra İsrafil Məmmədovun vəziyyəti stabilləşib və o, uzun illər davam edən dializ yükündən azad halda evə buraxılıb.
Xatırladaq ki, bir müddət əvvəl meyit donorun ürəyi 2006-cı il təvəllüdlü Tovuz rayon sakininə köçürülüb.