Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Bu barədə Ucnoqta.az-a Xidmətdən məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Xətai rayonu Sabit Orucov, Natiq Əliyev və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində “Avant Group” MTK-ya məxsus ərazidə, Sumqayıt şəhəri Sumqayıt–Novxanı yolunun kənarında “Amore” ictimai-iaşə obyektinin ərazisində, Abşeron rayonu, Ekoloji nəzarət postunun yaxınlığında “Qar-Daş Company” MMC-yə məxsus ərazidə və Abşeron rayonu Masazır qəsəbəsi “Qurtuluş“ yaşayış kompleksinə yaxın ərazidə ağacların kəsilməsi ilə bağlı təbiətə 117 300 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.