II və III qruplar imtahan verdi - 9 nəfər xaric edildi

14:25 - 25 May 2025 - Xəbər

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. İmtahan Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunub.

Bu barədə Ucnoqta.az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric olunub. Bundan əlavə, başqasının yerinə imtahana gəlmə halı da aşkar edilib.

Bu faktla bağlı xüsusi araşdırma aparılacaq və həm imtahanda iştirak etməli olan şəxs, eyni zamanda onun yerinə imtahana gələn şəxslə bağlı lazımı tədbirlər görüləcək. Xatırladaq ki, qayda pozuntularına yol verənlərin müsabiqə nəticələri ləğv olunur və onlar qəbul imtahanının ikinci cəhdinə də buraxılmırlar.

Xəbər xətti