Bölgələrdə azyaşlı uşaqlar açıq hava fəaliyyətlərinə cəlb olunur - FOTO

13:19 - 29 Aprel 2025 - ÖLKƏ İÇİ

"Forest school" təhsil yanaşması əsasında ölkəmizin bir çox bölgəsində 3-5 yaşlı uşaqlar açıq hava fəaliyyətlərinə cəlb olunurlar.

Fəaliyyətlər Balakəndə Qazbinə kəndi, İsmayıllıda İstisu kəndi, Şamaxıda Məlhəm kəndi, Qobustanda Təklə kəndi və Lənkəranda təşkil olunur.

Layihənin əsas məqsədi uşaqların təbiət və açıq havada öyrənmə yanaşmaları vasitəsilə məktəbəqədər təhsilə əlçatanlığını təmin etmək, onların erkən inkişafını dəstəkləmək və valideynləri bu təhsil modelinin əhəmiyyəti barədə maarifləndirməkdir. 

Bu istiqamətdə uşaqlar onların emosional, fiziki, intellektual, sosial, psixoloji inkişafını dəstəkləyən açıq havada öyrədici təhsil proqramında iştirak edirlər.

Həmçinin layihə çərçivəsində uşaqlar üçün açıq havada şəffaf öyrənmə mühitini və təbiətlə əlaqənin davamlılığını təmin edən "Forest School alternativ məktəbəqədər təhsil modeli - şəffaf iqlo siniflər" qurulub.

"Forest School Azerbaijan" tərəfindən uzun illər tətbiq olunan bu yanaşma 2024-cü ildən isə “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramı çərçivəsində Elm və Təhsil Nazirliyinin dəstəyi ilə davam etdirilir.


Xəbər xətti