"Güclü yağış yağsa, tunelləri, keçidləri qapadacaqlar ki, ..."

11:17 - 22 Aprel 2025 - Cəmiyyət

Eldar Əzizov deyir ki, 2 ildən sonra Bakının su-kanalizasiya sistemi düzələcək, amma bu dövrdə, təxminən, 750 gün ərzində güclü yağış yağsa, tunelləri, keçidləri qapadacaqlar ki, 21-ci əsrdə, şəhərin mərkəzində insanlar tunellərdə boğulub-ölməsinlər.

Ucnoqta.az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə bildirib.
Natiq Cəfərli qeyd edir ki, amma suallar yaranır:

1) Eldar müəllim 2018-ci ildən Bakı Şəhəri İcra Hakimiyyətinin (BŞİH) başçısıdır – o zaman nədən keçən 7 ildə yoldaş Əzizov bu problemi həll etməyib?

2) Bakı Şəhəri İcra Hakimiyyətinin su və kanalizasiya sisteminə nə aidiyyatı var? Eldar müəllim zəng edib keçmiş “Azərsu”-ya (İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti) əmr, göstəriş verə bilərmi ki, flan yerdə flan işi görün?

3) BŞİH-nin digər bir quruma, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (hansı ki, rəsmi sənəddən sitat, “Azərbaycan Respublikasının avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərən, balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması və tikilməsini, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasını və onların vəziyyətinə nəzarəti, yol infrastrukturunun inkişafı ilə bağlı digər işləri kompleks şəkildə həyata keçirəm dövlət orqanıdır”) əmr verə, onları tunellərin yenidən qurulmasına məcbur edə bilərmi?

4) BŞİH-nin, qanunlara görə Bakı Şəhəri təsərrüfatı, infrastrukturu ilə məşğul olan 14-ə yaxın MƏRKƏZİ hökumət-dövlət orqanlarına göstəriş verə bilərmi?

5) Yaxşı, BŞİH-nin səlahiyyətlə məhduddursa, şəhər təsərrüfatı bir mərkəzdən idarə olunmursa, Eldar Əzizov nəyə əsasən 2 ilə problemi həll edəcəyini söyləyir?"

Natiq Cəfərli bildirir ki, onlarla dəfə bu haqda demişik, bir də təkrar edək: Bakı şəhəri vahid, seçilmiş mərkəzdən idarə olunmalı, səlahiyyət və məsuliyyət bir mərkəzdə toplanmalıdır. Bunun üçün Böyük Şəhər Bələdiyyəsi və Mer vəzifəsi təsis, seçki yolu ilə şəhərin başçısı və hökuməti müəyyən edilməlidir...

Xəbər xətti