Cəmiyyətimizdə mediasiya mədəniyyəti aşağıdır. Ona görə də mübahisələrin barışıq yolu ilə həll edilməsinə meyilli olmurlar.
Ucnoqta.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin bugünkü iclasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, təsadüfi adamların mediator olma imkanları azaldılır: "Reputasiyası başqa sahədə aşağı düşmüş insanların mediatorluğunun qarşısı alınmalıdır. Mediatorların sertifikat müddətinin 5 il olması yaxşı haldır".
Komitə sədri bildirib ki, evlilik zamanı bir-birinə alınan hədiyyələr sənədləşdirilmir: "Ona görə, boşanma zamanı bu hədiyyələrin üstündə mübahisə yaranır".
Fazil Mustafanın sözlərinə görə, nikah müqaviləsində bu kimi məsələlərin tətbiqini nəzərdə tutmaq lazımdır: "Bu, boşanma zamanı məhkəmələrin yükünü də azaldacaq. Nikah müqaviləsi ilə bağlı məsələnin məcburi xarakter daşıyan elementlərinin burada əks olunmasını təmin etməliyik".