Sabiq DSK sədri həbs edildi

12:46 - 18 Mart 2025 - Xəbər

Yarım milyondan çox dələduzluqda ittiham olunan Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin sabiq rəis müavini, polkovnik Rasim İldırım, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri, “Bakutime.az” saytının təsisçisi Zaur Mirzəzadə və Balakən dairə seçki komissiyasının sabiq sədri Qoşqar Məmmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi təxirə düşüb.

Ucnoqta.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesin təxirə düşməsinə səbəb kimi iş üzrə ittiham olunan Qoşqar Məmmədovun həbs olunması göstərilib.

Qoşqar Məmmədovun Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs edildiyi bildirilib.

Vəkil Sadiq Rəsulov APA-ya açıqlamasında bildirib ki, Qoşqar Məmmədov başqa epizod üzrə Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilir. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi aprelin 15-də davam etdiriləcək.

Qeyd edək ki, Rasim İldırımzadə, Zaur Mirzəzadə və Qoşqar Məmmədov əlbir olaraq xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir. Onlar barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

Xatırladaq ki, Zaur Mirzəzadə daha əvvəl bir qrup şəxslə birgə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Mirzəzadəyə bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı protest verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin edib. Qərara əsasən, Zaur Mirzəzadə 5 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib. Ali Məhkəmədə keçirilən iclasda isə həmin qərar ləğv edilib və iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Bakı Apellyasiya məhkəməsi qərarı dəyişdirib. Zaur Mirzəzadəyə bəraət verilib və o, məhkəmə zalından azad edilib.

Xəbər xətti