Su ehtiyatlarımız 25 faizdən çox azalıb

13:35 - 5 Mart 2025 - Xəbər

Son 4 il həqiqətən çox quraq keçib, su anbarlarında suyun həcmi ölü həcmə yaxın olub və Kürün aşağı axarında suyun həddən artıq az olması yay aylarında bəzi günlərdə onun qurumağa yaxın olmasına səbəb olub. Su ehtiyatlarımız bu illər ərzində 25 faizdən çox azalıb.

Ucnoqta.az xəbər verir ki, bunu Azərbaycan Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti xidmətinin şöbə müdiri Rafiq Verdiyev brifinqdə bildirib.

Onun sözlərinə görə, müxtəlif iqlim ssenarilərinə əsasən gələcəkdə temperaturun artması müşahidə olunacaq, quraq illərin sayı artacaq və quraqlıq daha da kəskin olacaq.

“Bu da əsrin sonunadək su ehtiyatlarımızın daha 30 faiz azalmasına və su təhlükəsizliyi sahəsində problemlərin daha da kəskinləşməsinə səbəb ola bilər. Gələcəkdə su qıtlığı problemlərini aradan qaldırmaq üçün çay hövzələrində meşələrin salınması, sudan səmərəli istifadə, su itkilərinin qarşısının alınması, alternativ su mənbələrinə geniş yer verilməsi, sudan təkrar istifadənin genişlənməsi, kənd təsərrüfatında sudan qənaətlə istifadə edən metod və texnologiyaların tətbiqi mühüm addım hesab oluna bilər”, - deyə şöbə müdiri vurğulayıb.

R. Verdiyev əlavə edib ki, müxtəlif sututarların yaradılması, infrastrukturun bərpası yolu ilə nəql zamanı su itkilərinin azaldılması, suyun ədalətli və əlaqəli bölüşdürülməsi, istifadəçilər və əhali arasında müasir metod və texnologiyanın tətbiqi ilə sudan səmərəli istifadə edilməsi və digər istiqamətlərdə təlim və maarifləndirmə tədbirlərinin və s. geniş və davamlı şəkildə aparılması hədəflənir.

Xəbər xətti