Dövlət İmtahan Mərkəzi (DİM) hər il buraxılış və qəbul imtahanlarında iştirak edən abituriyentlərdən yüksək xidmət haqqı tələb edir. Rəsmi açıqlamalara görə, bu ödənişlər sualların hazırlanması, ekspertizası, yoxlanması və digər texniki xərclərə sərf olunur.
Ucnoqta.az xəbır verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov yazıb. Ekspert qeyd edir ki, lakin martın 2-də keçirilmiş buraxılış imtahanında istifadə olunan riyaziyyat suallarından biri ingilis dilli mənbədən götürülüb:
"Bu, DİM-in iddia etdiyi kimi sualların böyük əmək və vəsait hesabına hazırlandığını ciddi şəkildə sual altına qoyur. Əgər sualların hazırlanmasına bu qədər yüksək vəsait ayrılırsa, niyə eyni sual xarici mənbədən götürülərək olduğu kimi təqdim edilir? DİM bu sualın müəlliflik hüququnu əldə edibmi, yoxsa sadəcə internetdən götürüb? Əgər belədirsə, abituriyentlərdən tələb olunan 45-50 manat xidmət haqqı konkret nəyə sərf olunur?"
Kamran Əsədov bildirir ki, yuxarıdakı şəkillərdən də göründüyü kimi, sualın ingilis versiyası tam eyni məzmunla xarici mənbədən götürülüb:
"DİM-in təqdim etdiyi sual isə sadəcə Azərbaycan dilinə tərcümə edilib və abituriyentlərə təqdim olunub. Bu halda, sualın hazırlanması üçün ekspertlərə və ya tədqiqatçılara hansı əməkhaqqı ödənilir? Bu sualı DİM-in əməkdaşları özləri hazırlamayıbsa, o zaman onların bu sahədəki fəaliyyətinin mahiyyəti nədən ibarətdir?
Bu hadisə DİM-in imtahanlara yanaşmasında sistematik problemlərin olduğunu açıq şəkildə göstərir:
• İmtahan binası pulsuz verilir – Məktəblər və universitetlər DİM-in imtahan keçirməsi üçün xüsusi bina və auditoriyaları pulsuz təqdim edir. Yəni icarə haqqı yoxdur.
• Suallar özəlləşdirilmiş, yaradıcı iş deyil – Sualların hazırlanmasına xüsusi əmək sərf edildiyi iddia olunur, amma real vəziyyət fərqlidir: suallar internetdən və xarici mənbələrdən köçürülür.
• Ekspertlərə ödənişlərin məntiqi sual altındadır – DİM ekspertlərə yüksək əməkhaqqı ödədiyini iddia edir. Əgər suallar sadəcə internetdən götürülüb tərcümə edilirsə, bu əməkhaqqılar hansı xidmətə görə ödənilir?
• Abituriyentlərdən yüksək ödəniş alınır – 50 manata yaxın xidmət haqqı tələb olunur, amma bunun qarşılığında heç bir orijinal və yaradıcı iş təqdim edilmir. Əgər DİM internetdən pulsuz əldə olunan materialları istifadə edirsə, o zaman bu ödəniş hansı əsasla tələb olunur?"
" Təhsil sahəsində şəffaflıq və dürüstlük əsas prinsiplərdən biridir. İmtahan sistemində hər hansı yanlışlıq və ya manipulyasiya abituriyentlərin gələcəyinə təsir edir. DİM abituriyentlərə şəffaf və ədalətli imtahan keçirdiyini iddia edirsə, bu cür sual oğurluqları ciddi etik problemlər yaradır.
Hökumət və təhsil ictimaiyyəti bu məsələ ilə bağlı aydınlıq gətirməli və DİM-in hansı əsaslarla bu xidmət haqqını müəyyən etdiyi barədə hesabat tələb olunmalıdır. Əgər bu xidmət haqqı sual hazırlanması üçün nəzərdə tutulubsa, o zaman DİM plagiat faktını necə izah edir?" - mütəxəssis vurğulaylb.
Ekspertin spzlərinə görə, məsələ sadəcə bir sualın internetdən götürülməsi deyil:
"Burada daha geniş bir problem var: DİM imtahan iştirakçılarından yüksək xidmət haqqı tələb edir, lakin qarşılığında plagiat suallar təqdim edir. Bu yanaşma həm abituriyentlərə, həm də onların ailələrinə qarşı qeyri-etikdir.
DİM bu məsələyə aydınlıq gətirməli və sualların mənbəyini açıqlamalıdır. Əgər suallar xarici mənbədən götürülürsə, o zaman abituriyentlərdən yığılan yüksək ödənişlər hansı əsasla haqlı sayılır? Təhsil ictimaiyyəti və hökumət bu məsələyə müdaxilə edərək DİM-in fəaliyyətinə nəzarəti gücləndirməlidir.
Bu cür hadisələr Azərbaycan təhsil sisteminə olan ictimai etimadı sarsıdır. Əgər ölkənin əsas imtahan təşkilatı belə bir yolla suallar təqdim edirsə, bu, təhsil siyasətində daha böyük problemlərin olduğunu göstərir. DİM öz fəaliyyətini şəffaflaşdırmalı, ictimaiyyətə hesabat verməli və abituriyentlərdən alınan ödənişlərin necə xərcləndiyini izah etməlidir".