Akademik Həsən Əliyev küçəsi - “Koroğlu” metrostansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi-Müzəffər Nərimanov küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni avtomobil yolunun inşası zamanı tikinti altına düşən yaşıllıqların mərhələli şəkildə köçürülməsinə başlanılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Ekspertiza Agentliyi və Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi birgə məlumat yayıb.
Bildirilib ki, layihə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilir.
Layihənin əhəmiyyəti, tıxacların qarşısının alınmasının vacibliyi nəzərə alınaraq, “Keşlə” bazarı ətrafındakı tikinti altına düşən ağaclar Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən aqrotexniki qaydalara uyğun budanaraq köçürülüb, bioloji inkişafdan qalmış ağaclar isə aidiyyəti qurumun rəyi əsasında götürülüb.